EN

Əbu-Dabidə kritik razılaşma: bu gediş balansları dəyişir

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib. Prezident İlham Əliyevi Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan qarşılayıb. Daha sonra dövlət başçılarının görüşü baş tutub.

Bu görüş və imzalanan sənədlər Cənab Prezident İlham Əliyevin BƏƏ-yə səfərinin təkcə siyasi jest olmadığını, çoxölçülü və uzunmüddətli strateji arxitekturanın tərkib hissəsi olduğunu açıq şəkildə göstərir. Əbu-Dabidə baş tutan görüşdə müzakirə olunan mövzuların spektri – təhlükəsizlikdən enerjiyə, investisiyalardan şəhərlərarası qardaşlaşmaya qədər Azərbaycan-BƏƏ münasibətlərinin artıq klassik diplomatik çərçivələri aşdığını sübut edir.

Diqqətçəkən məqam ondan ibarətdir ki, söhbət zamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanıb.

Yəni tərəflər münasibətləri artıq “inkişaf edən əməkdaşlıq” kimi deyil, açıq şəkildə strateji tərəfdaşlıq kimi bəyan edirlər. Bu termin diplomatik leksikonda təsadüfi seçilmir. Strateji tərəfdaşlıq siyasi etimadın yüksək səviyyəsini, maraqların uzunmüddətli uzlaşmasını və ən həssas sahələrdə belə əməkdaşlığa hazır olmağı ifadə edir. Prezidentlərin vurğuladığı qarşılıqlı səfərlərin intensivliyi də bu etimadın praktik təzahürüdür. Xüsusilə BƏƏ Prezidentinin Bakıya və Şuşaya səfəri, indi isə İlham Əliyevin Əbu-Dabidə yüksək səviyyədə qarşılanması münasibətlərin simvolik yox, mahiyyət etibarilə dərinləşdiyini göstərir.

Səfərin bir digər diqqət çəkən tərəfi də biri hərbi-siyasi əməkdaşlığın açıq şəkildə ön plana çıxmasıdır.

“Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimləri Azərbaycan üçün xüsusi məna daşıyır. Azərbaycan indiyədək bu formatda, bu səviyyədə və bu məzmunda birgə hərbi təlimləri əsasən Türkiyə ilə həyata keçirirdi. BƏƏ ilə analoji təlimlərin keçirilməsi göstərir ki, Bakı artıq təhlükəsizlik sahəsində tərəfdaşlıq anlayışını daha geniş coğrafiyaya yayır. Hesab edirəm, bu təlimlər təkcə döyüş hazırlığı və taktiki uyğunluq məsələsi deyil, eyni zamanda siyasi mesajdır. Yəni Azərbaycan regiondan kənar güclü və müstəqil aktorlarla təhlükəsizlik sahəsində koordinasiyaya hazırdır.

Birgə təlimlərin operativ hərbi uyğunluğun inkişafına xidmət edəcəyi xüsusi vurğulanırsa, bu o deməkdir ki, tərəflər gələcəkdə daha mürəkkəb təhlükəsizlik çağırışlarını da birlikdə dəyərləndirməyi planlaşdırırlar. Müasir geosiyasi reallıqlarda ordu gücü təkcə silahlanma ilə deyil, müttəfiqlərlə koordinasiya imkanları ilə ölçülür. Bu baxımdan Azərbaycan-BƏƏ hərbi əməkdaşlığı hər iki ölkənin silahlı qüvvələrinin çevikliyini və regional çəkisini artıran faktordur.

Səfərin digər strateji xətti enerji və investisiya əməkdaşlığıdır.

“Cənub Qaz Dəhlizi” QSC-də Azərbaycanın qeyri-nəzarət payının bir hissəsinin ADNOC-un investisiya qolu olan XRG şirkətinə satılması sıradan kommersiya əməliyyatı deyil. Bu addım BƏƏ-nin Azərbaycanın enerji təhlükəsizliyi arxitekturasına birbaşa inteqrasiyası deməkdir. Eyni zamanda bu, Azərbaycanın enerji layihələrinə olan beynəlxalq etimadın göstəricisidir. Xüsusilə qlobal enerji bazarlarında qeyri-müəyyənliyin artdığı bir dövrdə BƏƏ kimi güclü enerji aktorunun “Cənub Qaz Dəhlizi”nə maraq göstərməsi Azərbaycanın strateji enerji mərkəzi statusunu daha da möhkəmləndirir.

Bərpaolunan enerji sahəsində əməkdaşlığın ayrıca qeyd olunması da təsadüfi deyil.

Azərbaycan “yaşıl enerji” gündəliyini strateji prioritetə çevirib, BƏƏ isə bu sahədə qlobal liderlərdən biridir. Bu iki yanaşmanın kəsişməsi gələcəkdə Cənubi Qafqazda yeni enerji modelinin formalaşmasına yol aça bilər. Burada söhbət təkcə texnologiyadan yox, həm də investisiya, bilik transferi və regional enerji balansının dəyişməsindən gedir.

Müdafiə nazirlikləri arasında imzalanan niyyət məktubu isə hərbi əməkdaşlığın institusional çərçivəyə salındığını göstərir.

Bu sənəd birgə təlimlərin davamlı xarakter alacağının, müdafiə sahəsində əlaqələrin sistemli şəkildə inkişaf etdiriləcəyinin göstəricisidir. Niyyət məktubları diplomatiyada gələcək razılaşmaların siyasi zəmini kimi çıxış edir və bu baxımdan həmin sənəd münasibətlərin perspektivinə dair ciddi mesajdır.

Söhbət zamanı Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin gündəmə gətirilməsi isə əlaqələrin təkcə dövlətlərarası deyil, şəhər və cəmiyyətlərarası səviyyədə də dərinləşdirilməsinə yönəlib. Bu, münasibətlərin humanitar və mədəni ölçüsünü gücləndirərək strateji tərəfdaşlığı daha dayanıqlı edir.

Nəticə etibarilə, İlham Əliyevin fevralın 2-də Əbu-Dabiyə səfəri Azərbaycan-BƏƏ münasibətlərində yeni mərhələnin konturlarını cızır. Bu mərhələ təhlükəsizlik, enerji, investisiya və siyasi dialoqun paralel və qarşılıqlı şəkildə inkişaf etdiyi kompleks strateji tərəfdaşlıq mərhələsidir. Azərbaycan bu səfərlə bir daha göstərir ki, o, yalnız regional proseslərin iştirakçısı deyil, qlobal miqyasda etibarlı tərəfdaşlıq şəbəkəsi quran və bu şəbəkəni real güc elementləri ilə möhkəmləndirən müstəqil aktordur.

Politoloq Turan Rzayev

 

 

 

 

 

 

Chosen
9
nocomment.az

1Sources