EN

Müdafiə Nazirliyi Arxiv İdarəsinin sabiq rəisinin işi məhkəmə baxışına verildi

BAKI, 4 fevral. TELEQRAF

Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin sabiq rəisi Ruhin Zeyid oğlu Tağıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə dövlət ittihamını Baş Prokurorluğun dövlət ittihamı idarəsininprokuroru Rauf Malışov təmsil edir. Təqsirləndirlilən şəxsin hüquqlarını isə Vəkillər kollegiyasının üzvləri Orxan Hacıyev və Aydın Hacıyevin müdafiə etdiyi məlum olub.

Zərərçəkmiş qismində Müdafiə Nazirliyi, nazirliyin nümayəndəsi olaraq Təbriz Akvayev tanınıb.

Təqsirləndirlilən şəxsin vəkili Orxan Hacıyev Kütləvi İnformasiya Vasitələrinin məhkəmə iclasında iştirak etməsinə məhdudiyyət qoyulmasını istəyib. Bildirib ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin ailə və peşə sirləri ilə bağlı məlumatlar var, bunun yayılmasını istəmirlər. Təqsləndirilən şəxs də vəkili ilə razı olduğunu deyib.

Dövlət ittihamçısı bildirib ki, məhkəmə iclası açıq keçirilir, istənilən şəxs iclaslarda iştirak edə bilər.

Yerində müşavirə keçirən hakimlər heyəti vəsatəti baxılmamış saxlayıb. Hakim Günel Səmədova bildirib ki, gələcəkdə bu məsələyə yenidən baxıla bilər.

Daha sonra dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına verilməsini və məhkəmə istintaqında araşdırılmasını istəyib. Tərəflər buna etiraz etməyiblər.

Daha sonra hakimlər hazırlıq iclasının qərarını elan ediblər. Qərara görə, cinayət işi məhkəmə baxışına verilib.

Məhkəmənin baxış iclası fevralın 18-ə təyin olunub.

Qeyd edək ki, Ruhin Tağıyevin Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və nazirliyin Tibbi Sənədlər Arxivinin rəisi vəzifələrində işlədiyi dövrdə çoxsaylı qanunsuz əməllərə yol verməsi barədə Müdafiə Nazirliyindən daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İbtidai istintaqla Ruhin Tağıyevin 2021-2023-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət etmiş hərbi qulluqçuların adlarının ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edilməsi və bunun əsasında xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən şəxsdən külli miqdarda pul vəsaitlərini rüşvət qismində təkrarən almasına, habelə hərbi qulluqçuların təkrar şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində isə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq nüfuz alveri törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruhin Tağıyevə Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilib. Barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Chosen
9
14
teleqraf.com

10Sources