EN

Səhm almaq istəyənlərin nəzərinə

Son dövrlər bankların vətəndaşlara səhm təklif etməsi məsələsi ictimai müzakirələrə səbəb olub. İqtisadi vəziyyəti nəzərə alaraq bankların fiziki şəxslərə səhm satışı ilə bağlı təşəbbüslərini riskli hesab edənlər var.

 

İqtisadçı Xalid Kərimli Pravda.az-a açıqlamasında sözlərinə görə, bankların bir sıra səhmlərinin bazara çıxarılması normal prosesdir:

 

“Dünyanın inkişaf etmiş ölkələrində bankların səhmləri bazarda alınıb satılır, normal praktikadır. Daha böyük həcmdə bazara vəsait çıxarışı olur. Bu həm kapital bazarın inkişafı üçün vacibdir, eyni zamanda vətəndaşlar üçün alternativ investisiya imkanları yaradır. Riski budur ki, bank problem yaşasa, səhmlərin dəyəri azala bilər. Hesab edirəm ki, getdikcə daha çox şirkətlər bu prosesdə iştirak etməlidir. Eyni zamanda kapital bazarında vətəndaşların hüquqlarının təminatı və qorunması yüksək olmalıdır ki, hüquqlar pozulmasın. Sərfəli tərəflərini vətəndaş özü qiymətləndirməlidir. Səhmin gəlirliyinə diqqət etməlidir, səhmin qiyməti ilə gəlirliyi arasında əlaqəni qurmalıdır. İnvestisiya imkanlarından biridir. Bunlar analiz edilməlidir. Səhmdarın iki versiyada qazancı formalaşır: Səhmin bazar dəyərinin artması və səhmə görə dividentin alınması”.

 

İqtisadçı Eyyub Kərimli Pravda.az-a açıqlamasında bildirib ki, Azərbaycanda yeganə passiv gəlir növü bank depozitləridir:

 

“Bu, həm kredit faizlərinin artırmasına səbəb olur, həm də sui-istifadə halları baş verir. Ümumiyyətlə ölkəmizdə müsbət hal olardı ki, səhm bazarı inkişaf etsin və bu, insanlara əlavə divident almağa sövq etsin, imkanlar yaratsın. Tək banklar yox, digər qurumlar və səhmdar cəmiyyətlərinin səhmləri üzrə auksionların keçirilməsi, insanların buna maraq göstərməsi, səhmlər üzrə dividentlərin əldə edilməsi hesab edirəm ki, iqtisadi aktivliyin artması üçün çox müsbət proses olar. Lakin bu proses çətin və ləng gedir. Bu istiqamətdə görüləcək çox işlər var. İlk olaraq bu səhmlərin etibarlılığını, inamını təmin etmək lazımdır. Çünki son illərdə səhmlər üzrə dividentlərin ödənilməməsi, bəzi səhmdarların hüquqlarının pozulmasını müşahidə edirik. Bu səbəbdən səhm bazarının inkişafı həm insanların əlavə gəlir əldə etməsi üçün şəraitə imkan verir, digər tərəfdən iqtisadi aktivliyi təmin etmiş olur”.

 

Şəhanə Quliyeva

Tarix: 4 Fevral 2026, 11:49   
Chosen
21
pravda.az

1Sources