EN

Mərkəzi Bank inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb

Hazırda illik inflyasiya hədəf daxilində qalmağa davam edir. Son 2 ayda inflyasiyanın dinamikasında azalma meyli müşahidə olunur. 2025-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 5,2 faiz təşkil edib.

Azərbaycan Respublikası Mərkəzi Bankından (AMB) bildirilib ki, qiymətlər illik əsasda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,4 faiz, ödənişli xidmətlər üzrə 5,7 faiz, qeyri-qida məhsulları üzrə isə 2,5 faiz artıb. İllik baza inflyasiyası 2025-ci ilin dekabr ayında 4,8 faiz təşkil edib ki, bu da inflyasiyanın qalıcı hissəsinin hədəfə yaxın olduğunu göstərir. Faktiki inflyasiya başlıca olaraq xarici və daxili xərc amillərindən təsirlənir.

“Baza ssenarisinə əsasən, 2026-cı ilin sonuna və 2027-ci ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır. Belə ki, baza ssenarisi üzrə 2026-cı ilin fevral proqnozlarına görə illik inflyasiyanın 2026-cı ildə 5,5 faiz, 2027-ci ildə isə 4 faiz olacağı gözlənilir. 2026-cı ilə inflyasiya proqnozu azaldılma istiqamətində dəyişdirilib. Ötən iclasdan bəri inflyasiya riskləri balansında əhəmiyyətli dəyişiklik baş verməyib. Qlobal miqyasda geosiyasi gərginliklərin davam etməsi, iqtisadi fraqmentasiya meyillərinin güclənməsi və qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarları ilə bağlı qeyri-müəyyənlikləri yüksək səviyyədə saxlayır. Əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülməsi ilə bağlıdır. Bu riskin reallaşması ticarət tərəfdaşlarında inflyasiyanın dinamikası, qlobal əmtəə qiymətlərinin istiqaməti, eləcə də nominal effektiv məzənnənin dəyişkənliyi kimi faktorlardan asılı olacaq. 2026-cı ildə başlıca daxili risk faktoru isə daxili xərc amillərinin gözləniləndən çox reallaşması ola bilər”, – deyə AMB-dən bildirilib.

AzPost.az

Chosen
12
19
azpost.info

10Sources