futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.
“Qarabağ”ın “Nyukasl”la oyuna yorğun çıxmaması üçün “Neftçi” ilə qarşılaşmanın təxirə salınması istəyi boş qaldı. Məsələn, günün müzakirə mövzusu bu ola bilər. Amma biz Zaur Axundov haqda iki gün əvvəl məqalə dərc etsək də, yenidən haqqında bəhs etmək istəyirik.
Elə-belə.
Və hər an bu baş verə bilər.
Ən aktual mövzunu kənara qoyub, məhz Axundovu dəxlisizcə müzakirə edə bilərik.
Biz onun haqqında vaxtsız-vədəsiz yazı yaza bilərik.
Guya qardaşının prezident olduğu “Araz Naxçıvan”ın hər şeyi məhz ona bağlıdır və bu klub necə ki məzmunsuzluğu, mahiyyətsizliyi ilə “göz oxşayır”, eləcə də Axundovun uzun illərdir ölkə futbolunda idarəçi olması “beyin yandırır”.
Dediyim kimi, həftəsonu, cümə, cümə axşamı, günün ilk və ya ikinci yarısı, ayın ortası, günəşin ultrabənövşəyi şüalarının kəskin şaquli düşdüyü vaxt – hər an biz Zaur Axundovdan bəhs edən məqalə ilə görüşünüzə gələ bilərik.
Bu bir gözlənilməzlikdir, anlaşılmazlıqdır, sistemsizlikdir, məntiqsizlikdir – hər nədirsə, edəcəyik.
Belə olmalıdır.
Axundov performansı ilə bunu haqq edib. Onun performansı özünəməxsusdur.
Ona performans sözünün işləndiyi sual ünvanlasam, nəticə hamımız üçün həm əyləncəli, həm düşündürücü ola bilər.
Azərbaycan futbolu belə idarəçiyə meydan açıbsa, niyə bu xaotikliyi, anlaşılmazlığı biz etməyək?
Müxtəlif klublarımız doğma arenasından “didərgin” düşüb. Onların hər birinə az-çox bəraət qazandırmaq olar. Ancaq muxtar respublika təmsilçisinin paytaxtda sərgərdan dolanmağının zərrə qədər məntiqi yoxdur.
Nə özü, nə rəhbərlik etdiyi klub anlaşılır.
Elmar Baxşıyevi mövsümün gedişində qovur, hansısa ukraynalı Demçenkonu baş məşqçi gətirir və nəticələr irəli yox, geri gedir. Zamanlamadakı qeyri-dəqiqliyin dəqiqliyinə heyran!
Hər an, istənilən formada ən ağlasığmaz məzmunda yazılara personaj olacaq adam deyilmi?
Məndən olsa, Əlcəzair ikinci divizionunun hər hansısa oyununa gedib, oyunsonrası mətbuat konfransında qonaq komandanın baş məşqçisinə Zaur Axundov haqda sual verərdim. Nə bilim niyə?!
Kimsə izah edə bilərmi o niyə Azərbaycan Premyer Liqasında çıxış edən bir klubun qeyri-rəsmi rəsmi rəhbəridi? Yox. Onda Əlcəzair ikinci divizionundakı istənilən matçın qonaq komandasının baş məşqçisi də təəccüblənməsin olanlara.
Məzmunsuzluğu anlada, ifadə edəcək fantaziya axtarışım hər hoqqa çıxara bilər…
Dünyada bazar günü, İranda isə cümə günü qeyri-iş günüdü və heç yer işləmir. Məhz istənilən cümə günü İranın hər hansı regional televiziya kanalında Zaur Axundovun futbol fəlsəfəsi haqda moizə oxumaq istərdim.
Təkrarolunmazlıq, ağlasığmazlıq, məəttəlbazlıq…
Elçin Cəlilov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.