EN

Dünya elminin azərbaycanlı ulduzu

ABŞ-nin Kaliforniya ştatının Berkli Universitetinin mərhum professoru, nəzəriyyələri ilə dünya elmini zənginləşdirən azərbaycanlı alim Lütfi Ə.Zadənin bu gün 105-ci doğum günüdür. O, 6 sentyabr 2017-ci ildə 96 yaşında Kaliforniya statının Berkli şəhərində dünyasını dəyişdi. Vəsiyyətinə əsasən nəşi Kaliforniyadan Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edildi. 

"Mən özümü Azərbaycana hər zaman yaxın hiss etmişəm, mən azərbaycanlıyam. Mənim mədəniyyətimə Bakıda keçirdiyim illərin böyük əhəmiyyəti olmuşdur. Azərbaycan hər zaman mənim qəlbimin ən isti yerindədir və qəlbimdə yaşamağa davam edir", - deyən Lütfi Ələskərzadə 1921-ci il fevral ayının 4-də Bakıda anadan olmuşdur. Atası Rəhim 1893-cü ildə İranın Ərdəbil şəhərində, anası Feyga 1894-cü ildə Rusiyanın Volınski quberniyasının Kremeneuk uyezdində doğulmuşlar. Rəhim Ələskərzadə Azərbaycan Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdı. Sonralar o, həm iş adamı, həm də eksport-import mətbuat nümayəndəsi kimi tanınmışdı. Rəhimlə Feyga 1919-cu ilin sentyabrında ailə qurmuşlar. 1921-ci il fevralın 4-də Lütfi dünyaya gəlmişdir. Lütfi ailənin yeganə övladı olduğu üçün çox sevilirdi. O, Bakıdakı 16 saylı məktəbdə 4 il təhsil almışdır. 

1931-ci ildə sovetlər İran vətəndaşları olan azərbaycanlılarla bağlı yeni fərman imzalayır. Bu fərmana görə, onlar ya sovet Azərbaycanında qalıb buranın vətəndaşlığını qəbul etməli, ya da ölkəni tərk edib getməli idilər. Ələsgərzadələr ailəsi sovetlərin hakimiyyətə gəlməsindən sonra ətrafda baş verən hadisələrdən narazı olduqlarından İrana geri qayıtmaq qərarına gəlirlər. Lütfi 10 yaşında olanda ailəsi Tehrana köçür. Balaca Lütfi Bakıda rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. Valideynləri onu Tehranda fəaliyyət göstərən "Albroz" adlı Missioner kollecinə yazdırdılar. Kolleci bitirdikdən sonra Tehran Universitetinin Elektrik Mühəndisliyi fakültəsinə daxil olan Lütfi 1942-ci ildə universiteti bitirib bakalavr dərəcəsi alır və bir müddət atasinın yanında işləməli olur. 

Lütfi Ə.Zadə təhsilini davam etdirmək üçün 1944-cü ildə Amerika Birləşmiş Ştatlarına getməyə qərar verir. O, Bostonda Massaçusets Texnologiya İnstitutunda oxuyur və 1946-cı ildə oranı bitirərək elektro-texnika üzrə magistr pilləsinə yüksəlir. 1949-cu ildə doktorluq dissertasiyasını Kolumbiya Universitetində müdafiə edən və 10 il bu ali məktəbdə işləyən Lütfi 1950-ci ildə professor köməkçisi, 1957-ci ildə isə professor vəzifələrində çalışır. Onun 1950-ci ildə ayrı-ayrı jurnallarda kibernetikanın atası Norbert Vinnerin proqnozlaşdırma nəzəriyyəsini inkişaf etdirən sanballı elmi əsərləri dərc olunur. 1952-ci ildə nəşr etdirdiyi elmi işi ilə avtomatik idarəetmə sistemində çevirmə nəzəriyyəsinin əsasını qoyan L.Zadənin  1954-ci ildə "Sistem nəzəriyyəsi" yaranır. 

1957-ci ildə Kaliforniya Elmi mərkəzinin sədri olan Norbert Viner L.Zadəyə məktub yazaraq onu Kaliforniyadakı Berkli Universitetinə işləməyə dəvət edir. 1959-cu ildə L.Zadə ailəsi ilə birlikdə Berkli şəhərinə köçür. O, Berkli Universitetində elektrik mühəndisliyi üzrə şöbədə işləməyə başlayır. 1963-cü ildən həmin şöbəyə başçılıq edir və bundan sonra şöbənin adını dəyişdirərək "Elekrtik mühəndisliyi və kompüter elmləri" kafedrası adlandırır. Berkli Universitetinin Elekrtik mühəndisliyi və kompüter elmləri kafedrası onun bir alim kimi yetişib formalaşmasında və inkişafında böyük rol oynayır.

Lütfi Zadə Berkli Universitetində işlədiyi dövrlərdə diqqətini əsasən xətti sistemlər və avtomatlar problemi cəlb etməyə başladı. Burada o, professor Çarlz Desoer ilə birlikdə xətti sistemlərin təhlili üçün vəziyyətlər fəzası yanaşması probleminin araşdırılması ilə məşğul olur. Beləliklə, "xətti sistemlərin təhlili üçün vəziyyətlər fəzası" adlı müştərək elmi əsəri meydana gəlir. Nəticədə Lütfi Zadə dinamik idarəetmə sistemlərinin əsasını təşkil edən yeni yanaşma üsulu təklif edir. Bu üsulun mərkəzində Lütfi Zadənin vəziyyətlər fəzası nəzəriyyəsi dayanır. 1964-cü ildə dünya elmində yeni olan qeyri-səlis çoxluqlar nəzəriyyəsi yaranır. 

Lütfi Zadə bu nəzəriyyəsini kəşf edəndən sonra onu Riçard Bellmana göstərmək qərarına gəlir. R.Belmanın Lütfi Zadənin qeyri səlis çoxluqlar nəzəriyyəsinə fikri belə olur: "Zənnimcə, sizin bu işiniz elmdə inqilaba bərabər bir işdir. Tədricən o, bütün elmlərə yeni baxış formalaşdırıb çox şeyi kökündən dəyişdirəcək. Hətta insan fenomeni barəsində də təsəvvür yaranacaq". Belmanın bu fikirlərinə baxmayaraq, Amerika mühiti Lütfi Zadənin bu elmi konsepsiyasını qəbul etmir. Amma zaman keçdikcə bu fikirlərin həqiqət olduğu təsdiqlənir və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin bəhrəsi olan beşinci və altıncı nəsil skeptik kompüterlərin meydana çıxması söz-söhbətlərə son qoyur. 1965-ci ildə ABŞ-də yaşayan azərbaycanlı alim Lütfi Zadə tərəfindən tamamilə yeni, çox qiymətli qeyri-səlis məntiq nəzəriyyəsi yaradılır. Bununla da dünya elm tarixində, kompüter sahəsində böyük kəşflər edilir. 

Lütfi Zadənin elmə gətirdiyi "qeyri-səlis"lik anlayışına söykənən bütün nəzəri elmi istiqamətlər çox böyük praktiki əhəmiyyətə malikdir. Qeyri-səlis çoxluqlar nəzəriyyəsi yarandığı vaxtdan cəmi bir il keçəndən sonra ilk olaraq Yaponiya şirkətlərində, nəhəng sənaye mərkəzlərində öz tətbiqini tapdı. Onlarca elmi-tədqiqat institutları yarandı, bu elm sahəsi Yaponiya universitetlərinin tədqiqat obyektinə çevrildi. Yüksək iqtisadi səmərə gətirdiyinə görə 1989-cu ilin iyul ayında Lütfi Zadəyə Yaponiyanın elm sahəsində ən yüksək mükafatı - Honda mükafatı verildi. Lütfi A.Zade 1965-ci ildə qeyri-səlis nəzəriyyəsinin riyaziyyatını ətraflı izah edən qeyri-səlis çoxluqlar seminal əsərini nəşr etdi. 1973-cü ildə o, qeyri-səlis məntiq nəzəriyyəsini təklif etdi.

Lütfi Zadə müasir riyazi statistikanı, siqnalların optimal süzgəclərini, riyazi linqvistikanın və mürəkkəb sistemlərin nəzəriyyəsini inkişaf etdirməklə dünya elmini xeyli zənginləşdirmişdir. O, ilk dəfə olaraq qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq və qərar qəbul etmə prosesinin çox səlis nəzəriyyəsini yaratmış, müasir riyaziyyatın və idarəetmənin əsasını qoyanlardan biri kimi tanınmışdır. Bütün bunlarla yanaşı, o, dəqiq humanitar və elm sahələrindəki elmi problemlərin tədqiqinin ümumi intellektual kompüter metodologiyasını yaratmışdır. 

Professor Lütfi Zadənin elmi yaradıcılığı olduqca zəngin və çoxsahəlidir. Bu baxımdan, onun "Zamana görə dəyişən şəbəkələrin tezlik sahəsinin inkişafı" (1949), Ç.R.Raqassini ilə birlikdə yazdığı "Vinerin proqnozlaşdırma nəzəriyyəsinin inkişaf etdirilməsi" (1950), Ç.R.Raqassini ilə birlikdə yazdığı "Z-çevirmə üsulunun yaradılması" (1952), "Qeyri-xətti süzgəclər nəzəriyyəsinin yaradılması" (1953), "Sistemlərin identifikasiya problemlərinin formalaşdırılması" (1956), Ç.A.Desoir ilə birlikdə yazdığı "Xətti sistemlərin təhlili üçün vəziyyət fəzası" (1963), R.E.Belman ilə birlikdə yazdığı "Qeyri-səlislik şəraitində qərar qəbul etmək" (1970), "Linqvistik dəyişən və qeyri-səlis "əgər-onda" qaydalarının konsepsiyası" (1973), "Təbii dilin işlənilməsi üçün mümkünlük nəzəriyyəsi" (1978), "Təxmini mühakimə nəzəriyyəsi" (1979), "Sağlam düşüncəyə əsaslanan mühakim nəzəriyyəsi" (1985), "Dispozisiya məntiqi" (1988), "Qeyri-səlis qaydalar, qeyri-səlis qraf və qeyri-səlis ehtimal hesabı, soft computing nəzəriyyəsi" (1991), "Sözlə işləyən kompüterlər nəzəriyyəsi" (1996), "Qeyri-səlis informasiya qranulyasiya nəzəriyyəsi" (1997), "Təəssürat nəzəriyyəsi" (1998) dünya elminin inkişafında mühüm rol oynayır.

Dünya elmində Zadə və Qassini kimi tanınan statistik qeyri-müəyyənlik şəraitində işləyən idarəetmə sistemlərində optimal süzgəclər məsələsinin həlli kimi bu elmi təklif mürəkkəb proqnozlaşdırma sistemlərinin qurulması üçün əsas götürülür. Zadənin bu təklifi məşhur Viner məsələsini xeyli genişləndirmişdir. Lütfi Zadənin dünya idarəetmə elminə verdiyi ən böyük töhfələrdən biri də elmi ədəbiyyatda Z-çevirmə üsulu kimi tanınan (Zadə sözünün baş hərfi) diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin əsasını qoyan elmi nəzəriyyədir. Alimin elmi xidmətlərindən biri də müasr idarəetmə elminin əsasını təşkil edən vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələrinin təklif olunmasıdır.

"Qeyri-səlis hadisələrin ehtimalının meyarları" (1968) əsərində alim qeyri-səlis hadisə anlayışını tətbiq edərək onu "bu gün hava istidir", "X kəmiyyətin qiyməti təqribən 5-ə bərabərdir" və s. kimi misallarla izah etmişdir. Bu ifadələr "müvafiq sözlərin mənasının dəqiq olmasına görə qeyri-səlisdir". Bundan əlavə o, qeyri-səlis hadisələr ücün ədədi orta, variasiya və entropiya anlayışlarının riyazi ümumiləşdirilməsi verilmişdir. "Mürəkkəb sistemlərin və qərarlar qəbul edilməsi proseslərinin təhlilinə yeni yanaşmanın əsasları" (1973) işində isə Lütfi Zadə linqvist dəyişən anlayışını və kompozision nəticə çıxarılması qaydasını tətbiq edir. 

"Qeyri-səlis çoxluqlar mümkünlük nəzəriyyəsinin əsası kimi" (1978) məqaləsində L.Zadə yazır: "Bizim əsas məqsədimiz informasiya ölçüsündə (Şennon və Vinnerin statistik informasiya nəzəriyyəsinə dair işlərində göstərilən mənada) daha çox informasiyanın mənasını təsvir etməkdən ibarət olduqda informasiyanın təhlilinə mümkünlük mövqeyindən yanaşma, bu məsələdə ehtimal mövqeyindən yanaşma ilə müqayisədə öz təbiətinə görə daha münasib və təbii olur". Müəllif bu məqalədə "imkanların paylanması", "imkanın ölçüləri", "həqiqiliyin keyfiyyət baxımından təsviri", "ehtimal edilən ixtisas" və s. anlayışlar daxil edir. 

"Qeyri-səlis məntiq - sözlərlə hesablamalar" (1996), "Qeyri-səlis informasiya qranulyasiyası nəzəriyyəsi və onun insan mühakimələrində və qeyri-səlis məntiqdə mərkəzi yeri haqqında" (1997) və "Rəqəmli hesablamalardan sözlərlə hesablamalara - ölçülərlə manipulyasiyadan hissi obrazlarla manipulyasiyalara" (2001) silsilə əsərlərində Lütfi Zadə yazır: "Qeyri-səlis məntiqin əsas töhfəsi sözlərlə hesablamalar aparılması üçün metodologiya yaradılmasıdır". Hələlik bundan ötrü heç bir başqa metodologiya yoxdur. Adi mənada hesablamalar rəqəmlər və simvollarla manipulyasiyadan ibarətdir. İnsanlar təbii dilin vasitələrilə ifadə edilmiş və ya perspektiv obrazlar formasında çıxış edən mühakimələrdən sözlərlə ifadə edilmiş nəticələr çıxarmaq üçün hesablama və mühakimələrində isə əksinə, əsasən, sözlərdən istifadə edirlər. 

1966-cı ildən etibarən isə dünyanın bir çox ölkələrində - Böyük Britaniyada, Almaniyada, Yaponiyada və başqa yerlərdə Lütfi Zadənin yaratdığı elmi məktəblər, laboratoriyalar fəaliyyət göstərir. Umtaçi, Mitsubisi, Toşiba, Soni, Orison, Kanon, Riqo, Sanyu, Anesan, Honda, Nek, Şarp və s. firmalar Lütfi Zadə nəzəriyyəsinin kommersiya tətbiqi ilə məşğuldur. 

Professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ABŞ-də kosmik proqramların həyata keçirilməsində mühüm rol oynayır. Yaponiyada qeyri-səlis məntiqə əsaslanan foto-video cihazlar buraxılır. Danimarkada qeyri-səlis məntiq əsasında işləyən sement sobaları istehsal edilir. Avropa çoxlu sistemlər və qurğular, xüsusi "ağıllı" ekspert sistemləri hazırlanır. Yaponiyada panasonik və Kvassar adı altında mallar istehsal edən Mitçusita kompaniyası qeyri-səlis məntiq nəzəriyyəsinin tətbiqindən sonra milyard dollardan çox mal istehsal edib sata bilmişdir. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə olunur. Sosioloji araşdırmalar göstərir ki, bu nəzəriyyənin tətbiq dairəsi gələcəkdə daha da genişlənəcəkdir. Professor Lütfi Zadə həm də sistem və optimal süzgəclər nəzəriyyəsinin müəllifidir. Alimin dünya elm aləmində hadisəyə çevrilən kəşflərindən biri də dinamik sistemlərdə çox meyarlı optimallaşdırma nəzəriyyəsidir. 

Bu gün dünyanın ayrı-ayrı ölkələrində Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə əlaqədar 25-ə yaxın elmi jurnal çıxır. Həmin jurnallarda alimin nəzəriyyəsi ilə bağlı hər il minlərlə məqalə çap olunur. Yaponiyada 2 mindən çox alim qeyri-səlis məntiqin istehsala tətbiqi ilə məşğuldur. Onlar qeyri-səlis məntiqi məişət tipli cihazların, elektrik avadanlıqların hazırlanması layihələrinə əlavə edirlər. Son illər ABŞ-də, Yaponiyada, Avropada qeyri-səlis məntiqin bəhrəsi olan 1300-dən çox patent tətbiq edilmişdir. Alimin elmi uğurları 1991-ci ildən Yaponiyanın ən yüksək mükafatına Honda mükafatına layiq görülmüşdür. 

 Professor Lütfi Zadə sistem və optimal süzgəclər nəzəriyyəsi sahəsində də fundamental nəticələrə nail olmuşdur. Dünya alimləri onun əldə etdiyi elmi nəticələri müasir riyaziyyat və kibernetika sahəsində yeni bir hadisə kimi qiymətləndirmişlər. Ümumiyyətlə, Lütfi Zadənin elmi ideyaları tükənib bitmir. Onun elmi nəzəriyyələri: müasir idarəetmə nəzəriyyəsinin təməlini qoymuş vəziyyətlər məkanı; diskret və rəqəmli idarəetmə sisteminin yaradılması üçün baza rolunu oynamış çevirmələr nəzəriyyəsi; insanın dünya haqqında, özü haqqında təsəvvüründə inqilabi dəyişikliklər əmələ gətirmiş qeyri-səlis məntiq və s. artıq gerçəkliyə çevrilmişdir. Bunlar müxtəlif sahələrdə yeni müasir tərzdə təqdim olunmuşlar və gələcəkdə bu gün həlledilməz görünən məsələləri həll edəcək. Yeri gəlmişkən, qeyd edək ki, Lütfi Zadə nəzəriyyəsindən bəhrələnən superkompüterlər qeyri-səlis məntiqdən istifadə edilərək elmin bütün sahələri üçün ekspert sistemləri hazırlanır və müasir kompüterlərə tətbiq olunur. 

 Professor sistem və optimal süzgəclər nəzəriyyəsi sahəsində də fundamental nəticələr qazanmışdır. Dünya alimləri onun əldə etdiyi elmi nəticələri müasir riyaziyyat və kibernetika sahəsində yeni bir hadisə kimi qiymətləndirmişlər. Onun nəzəriyyəsini tətbiq edən aparıcı müəssisələr və şirkətlər sırasına Hitaçi, Matsuhiti, Mitsubişi, Toşiba, Soni, Fuji, Orison, Kanon, Rigo, Sanyu, Ninolta, Nissan, Honda, Hek, NTT, Şarp daxildir.

Lütfi Zadə 24 ölkənin fəxri doktoru adına layiq görülüb. O, həmçinin Koreya, Bolqarıstan, Polşa, Finlandiya, Azərbaycan və ABŞ-nin milli Mühəndislik Akademiyasının həqiqi üzvü olub.

Lütfi Zadənin doğma Bakıya ilk səfəri 1965-ci ildə Qara dənizdə Odessa-Batumi istiqamətində üzən "Admiral Naximov" teploxodunda avtomatik idarəetmə problemlerinə həsr olunmuş beynəlxalq elmi konfransdan sonra olmuşdur. 43 ildən sonra Lütfi Zadə "BakuTel" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün 2008-ci ilin noyabrın 8-10-da Bakıya ikinci dəfə səfər etmişdir. Səfər zamanı Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edən dünyaşöhrətli alim Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir. Görüşdə Lütfi Zadə Bakıya səfərindən və dövlət başçısı ilə görüşündən məmnunluğunu ifadə etmişdir. İlk dəfə 1965-ci ildə Bakıda birgünlük səfərdə olduğunu xatırlayan alim budəfəki səfərin onda böyük təəssürat yaratdığını söyləmiş, ötən dövr ərzində ölkəmizin xeyli dəyişdiyini, Bakıda böyük abadlıq və quruculuq işləri ilə yanaşı, elmin və mədəniyyətin inkişafının da yüksək səviyyədə olduğunu vurğulamışdır. Lütfi Zadə əldə olunan bütün bu nailiyyətləri Azərbaycan Prezidenti İlham Əliyevin elmə və mədəniyyətə göstərdiyi qayğı və diqqətin təzahürü kimi dəyərləndirmişdir.

Dövlətimizin başçısı bildirmişdir ki, Azərbaycan hazırkı imkanlarından istifadə etməklə elmin, təhsilin və mədəniyyətin müxtəlif sahələrini inkişaf etdirməyi, ən müasir texnologiyaların tətbiqini qarşıya məqsəd qoymuşdur: "Prioritetlərdən biri də informasiya-kommunikasiya texnologiyalarıdır. Mən buna çox böyük əhəmiyyət verirəm. Bu, ölkənin ümumi inkişaf dinamikasını göstərən bir sahədir. Bu sahədə çoxlu yeniliklər, çoxlu ixtiralar var. Azərbaycan da bu sahədə qabaqcıl yerlərdədir. Biz bu sahəyə böyük investisiyalar qoymaq fikrindəyik. Xarici şirkətləri, dünyanın aparıcı informasiya-kommunikasiya şirkətlərini Azərbaycana dəvət etmişik və onların da Azərbaycanla işləməyə böyük maraqları var. Biz indi texnoparkların yaradılması üzərində işləyirik. Bir də demək istəyirəm ki, dövlət öz tərəfindən bu sahəyə investisiya qoymağa hazırdır. Biz, tanınmış şirkətlərlə, sadəcə tərəfdaşlıq etmək istəyirik. Bu sahənin çox böyük gələcəyi var və bəlkə də, neft sektorundan sonra ölkəmizi inkişaf etdirən ikinci sahə ola bilər". 

"BakuTel-2008" beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində və konfransında iştirak edən alim sərgi ilə tanış olmuş, bu beynəlxalq tədbiri yüksək qiymətləndirmişdir. Daha sonra alim Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində təşkil olunan tədbirdə məruzə etmiş, ona elm qarşısında göstərdiyi xidmətlərə görə AMEA-nın xarici vətəndaşlar üçün fəxri diplomu təqdim edilmişdir. Səfər çərçivəsində o, həmcinin təhsil aldığı 16 saylı məktəbdə də olmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin 4 fevral 2011-ci il sərəncamı ilə elm və texnologiyaların inkişafına verdiyi töhfələr və mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərinə görə Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələskərzadə) "Dostluq" ordeni ilə təltif edilmişdir. 

Lütfi Zadə Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktubunda yazırdı: "Hörmətli Prezident İlham Əliyev, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yüksək dövlət mükafatı "Dostluq ordeni" ilə mükafatlandırıldığıma görə Sizə dərin minnətdarlığımı bildirmək üçün müvafiq söz tapmaq mənim üçün çətindir. Mənim qeyri-səlis məntiq nəzəriyyəmin tanınmasının və onun konsepsiyasının tətbiqi intellektual sistemlərin istifadə edilməsinin sübutudur.

Bu mükafat mənin üçün son dərəcə üstündür və Siz bildiyiniz kimi, mən həyatım boyunca elmə marağımın təməli Bakıda məktəb təhsili və Azərbaycanın elmə və mədəniyyətə dərin hörmətidir. Siz bu böyük ənənənin təcəssümüsüz.

Mən Azərbaycanda olan sosial-iqtisadi inkişafdan dərindən məmnunam. Sizin apardığınız Qara Qızılın İnsan Qızılına çevrilməsi Doktrinası Sizin rəhbərliyinizin ilkin vaxtlarından çox dəyərlidir və minlərlə vətəndaşlara və Azərbaycandan kənarda yaşayan dostlarına da yaxşı mənada təsir edir və Sizin Azərbaycanın gələcəyi ilə uzaqgörən planlarınız məni xoşbəxt və əmin edir ki, gənc və müstəqil Azərbaycan cavan və məşhur siyasi lider tərəfindən güclü əllərdədir. Azərbaycanın dostları bu faktı da bilirlər ki, Azərbaycanın görkəmli, uzaqgörən və güclü Prezidenti var və bu da ölkədə yaşamaq üçün güclü və sülh şəraitini yaradır; son bir neçə illər ərzində Sizin əldə etdiyiniz sosial stabillik və iqtisadi inkişaf Azərbaycanda yaşamaq, oxumaq və işləmək üçün ən gözəl yer olması üçün güclü platforma yaradıb.

Elmdə, texnologiyada və təhsildə böyük addımlarınız son bir neçə illər ərzində Azərbaycanı regionda lider ölkəsinə çevirmişdir. Sizin müdrik baxışlarınız və rəhbərliyiniz Azərbaycanı geniş inkişafa gətirmişdir. Mən inanıram ki Sizin planlarınız və islahatlarınız Azərbaycanı informasiya və kommunikasiya texnologiya mərkəzinə çevirəcək və ölkənin mədəni və ənənəvi dəyərləri dünya bilik xəzinə irsi kimi tanınacaq.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mənim yenidən Azərbaycanla bağlı təsəvvürümə qayıtmağımda dəstək oldu və bizim bir neçə vacib ideyalarımız və güclü planlarımız gələcəkdə reallaşacaq. Mən fikirləşirəm ki, bu planlar Sizin Azərbaycanın regionda, habelə Qərb ölkələri tərəfindən güclü tanınması üçün planlarınıza digər bir dəstək yaradacaq. Sizin hökumətin səyləri nəticəsində bu gün Azərbaycan İKT sahəsində böyük uğur əldə edilib və mən əminəm ki, bu tendensiya gələcəkdə Sizin müdrik siyasətiniz altında davam etdiriləcək.

Mən bir daha Sizin mənə və mənim ailəmə bəxş etdiyiniz bu əlamətdar hadisəyə görə minnətdarlığımı bildirirəm və Sizi şəxsən yenidən görməyimi səbirsizliklə gözləyirəm. Siz, Bakı və Bakıda olan dostlarım ürəyimin ən isti yerindəsiniz. 

Dərin hörmət və ehtiramla, Lütfi Ə.Zadə".

Şahnaz ŞAHBAZOVA,

texnika elmləri doktoru, professsor

1Sources