EN

200 dərəcədən yuxarı temperatura davam gətirən yanğınsöndürmə dronu yaradılıb

İsveçrə alimlərinin hazırladığı FireDrone yanğın zamanı real vaxtda məlumat ötürə və qapalı məkanlarda manevr edə bilir...

Poliqon xəbər verir ki, İsveçrənin Federal Materialşünaslıq və Texnologiya Laboratoriyasının (Empa) mütəxəssisləri 200 dərəcədən yuxarı temperatura davam gətirə bilən yanğınsöndürmə dronu - FireDrone hazırlayıblar. Yeni pilotsuz uçuş aparatı ekstremal yanğın şəraitində fəaliyyət göstərmək üçün nəzərdə tutulub və hazırkı analoqlardan yüksək istiliyədavamlılığı ilə fərqlənir.

Məlumata görə, dronun bu qədər yüksək temperaturadavamlı olması onun elektron komponentlərinin xüsusi poliomid aeroqel ilə örtülməsi hesabına mümkün olub. Bundan əlavə, FireDrone daxili temperaturun monitorinqini aparan xüsusi nəzarət sistemi ilə təchiz edilib. Bu sistem texniki avadanlığın vəziyyətini real vaxt rejimində izləyir və həddindən artıq qızmanın qarşısını alır. Nəticədə dron təxminən 10 dəqiqə ərzində 200 dərəcə Selsi temperaturunda stabil işləyə bilir.

FireDrone kameralar və sensorlarla təchiz olunub. Bu avadanlıqlar termal görüntüləri onlayn rejimdə böyük ekranlı uzaqdan idarəetmə pultuna ötürür və eyni vaxtda bir neçə operatorun məlumatları izləməsinə imkan yaradır. Pilotsuz aparat GPS siqnalının olmadığı şəraitdə belə, pilotaj köməkçi sistemi sayəsində binaların içərisində, tunellərdə və sənaye obyektlərində manevr edə bilir.

Yeni dronun əsas təyinatı yanğın zamanı binalarda qalmış insanların axtarışı və sənaye obyektlərində baş verən iri yanğınların söndürülməsinə dəstək verməkdir. Hazırda FireDrone daha təkmil modelin prototipi hesab olunur. Gələcəkdə onun yanma zamanı ayrılan qazların aşkarlanması, xarici temperaturun ölçülməsi üçün əlavə sensorlarla təchiz edilməsi planlaşdırılır. Eyni zamanda uçuşlar arasında texniki xidmət üçün xüsusi dok-stansiyanın da komplektə daxil edilməsi nəzərdə tutulur.

Poliqon.info

Chosen
27
poliqon.info

1Sources