EN

Piyada keçidində qadını vuraraq öldürən şəxs azadlığa buraxıldı

Sumqayıt Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Arif Əsədzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Abşeron Rayon Məhkəməsinin hökmü dəyişdirilib, onun cəzası 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub. Təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının 26, 2.2, 5.2.1, 5.3-cü bəndlərinə əsasən azad olunub və Arif Əsədzadə saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından həbsdən dərhal azad edilib.

 

İttihama görə, hadisə 18 iyul 2025-ci il tarixdə, saat 17:07 radələrində Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 22,4-cü kilometrliyində baş verib.

 

Belə ki, Arif Əsədzadə idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən sürət həddini və piyada keçidində davranış qaydalarını pozub. O, nizamlanmayan piyada keçidinə yaxınlaşarkən sürəti azaltmaması və piyadaya yol verməməsi nəticəsində piyada Zərifə Alosmanovanı avtomobillə vurub. Qadın aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

 

Hadisədən sonra Arif Əsədzadənin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.

 

Abşeron Rayon Məhkəməsinin hökmü ilə ona 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və təqsirləndirilən məhkəmə iclas zalından dərhal həbs olunmuşdu.

 

Kamal Məmmədov

Tarix: 4 Fevral 2026, 08:13   
Chosen
23
2
pravda.az

3Sources