EN

Tural Abbaslı satıcının almalarını götürən məmura vəzifə verilməsindən danışdı: “Əsas rəhbərə sadiqlikdir”

“Bu məsələni şəxsiləşdirmək düzgün deyil. Mənə elə gəlir ki, hamı bilir ki, bu hərəkəti o özbaşına etməmişdi. Ona nə tapşırmışdılarsa, icra etmişdi. İcra etdiyinə görə də qanunsuz fəaliyyət hesab edilir. Qeyri-rəsmi tapşırıq rəhbərindən gəlmişdi. O da icra edirdi. Bu səbəbdən onun cəzalandırılmasını gözləmək düzgün olmazdı”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı Sumqayıt Şəhər İcra Hakimiyyətinin şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı keçirilən reyd zamanı məşhurlaşan əməkdaşı Samir Bədəlovun yeni vəzifəyə təyin olunması xəbərinə münasibət bildirərkən deyib.

 

T.Abbaslı fikrini belə əsaslandırıb: “İşdən çıxarsaydılar, deyəcəkdi ki, mənə icra başçısı tapşırıq verib mən də etmişəm. Ona görə də icra başçısı öz tapşırılığını yerinə yetirən, hər dediyi sözü edən məmuru niyə işdən çıxartsın ki? Uzaqbaşı cəmiyyətdə sakitlik olsun deyə xəbərdarlıq edir. Amma onun üçün sadiq olan, hər qanunsuz tapşırığı yerinə yetirə bilən məmur varsa, nə üçün dəyişsin? Bu, yalnız Sumqayıt Şəhər İcra Hakimiyyətində deyil, Azərbaycanın bir çox regionlarında belədir. Qanun və işi bilmək önəmli deyil, əsas rəhbərə sadiqlik vacibdir. Ona görə də belə məmurların vəzifədə qalması və ya vəzifədə inkişaf etməsi bizi təəccübləndirməməlidir. Sistem dəyişmədikcə, nəzarət təftiş mexanizmi, müxalifətin nəzarət mexanizmi iqtidarda, idarəçilikdə təmin olunmadıqca bu belə də olacaq. Sadəcə olaraq bu el arasında desək “radara düşən məmur” bu idi”, - deyə T.Abbaslı bildirib.

 

Qeyd: Sumqayıt Şəhər İcra Hakimiyyətində struktur dəyişikliyi nəticəsində icra hakimiyyətinin İstehsal və xidmət sahələri sektoru ləğv edilib. İcra başçısının əmrinə əsasən, S.Bədəlov ŞİH-də yeni yaradılan Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektorunun Baş məsləhətçisi təyin edilib.

 

Şəhanə Quliyeva

Tarix: 4 Fevral 2026, 08:01   
Chosen
9
pravda.az

1Sources