Yaponiya hazırda ABŞ dövlət istiqrazlarının ən böyük xarici sahibidir. Bu ölkənin payına 1,2 trilyon dollar həcmində qiymətli kağız düşür.
Publika.az "Naked Science" nəşrinə istinadla xəbər verir ki, Yaponiya hələ 2019-cu ildə Çini geridə qoyaraq bu siyahıda liderliyi ələ keçirib.
Çin mövqelərini zəiflədir, Avropa isə artırır
On il əvvəl Çin təxminən 1,3 trilyon dollar dəyərində ABŞ dövlət borcuna sahib idi. Lakin o vaxtdan bəri Pekinin əlindəki istiqrazların həcmi demək olar ki, yarıbayyarı azalıb (~700-750 milyard dollar). Eyni dövr ərzində Yaponiyanın investisiyaları isə daha mülayim templə - təxminən 61 milyard dollar artıb.
Siyahıda növbəti yerdə Böyük Britaniya qərarlaşıb. Londonun əlində 888,5 milyard dollarlıq ABŞ federal borcu var. Son 12 ay ərzində Britaniyanın investisiya həcmi ikirəqəmli templərlə artıb. Bənzər artım tendensiyası digər Avropa ölkələrində, o cümlədə Belçika, Fransa və Norveçdə də müşahidə olunur.