EN

Azərbaycanın sülh diplomatiyası

Bu, beynəlxalq ictimaiyyət tərəfindən nümunə kimi dəyərləndirilir  

"Bu gün Cənubi Qafqaz yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. ...Düşünürəm ki, Ermənistan və Azərbaycanın, eləcə də vətəndaş cəmiyyətinin birgə səyləri ilə biz Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olacağıq. Məqsədimiz budur". 

Yanvarın 20-də Davosda "Euronews" televiziyasına müsahibəsi zamanı Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan düşünülmüş və çevik siyasət həyata keçirməklə, eləcə də strateji yanaşma ortaya qoymaqla Cənubi Qafqazda yeni reallıqlar formalaşdırıb. Bu siyasət bölgədə uzun illər hökm sürən qarşıdurma mühitini aradan qaldıraraq sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün mühüm imkanlar yaradıb. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan üçün hər zaman prioritet hədəf dayanıqlı sülhün bərqərar edilməsi olub və postmünaqişə dövründə normallaşma istiqamətində atdığı praqmatik addımlarla regionu inkişaf, əməkdaşlıq yoluna çıxarıb. Məhz bu siyasi iradə sayəsində Azərbaycan hazırda yalnız regional proseslərin iştirakçısı deyil, eyni zamanda həmin proseslərin formalaşdırıcısı və  istiqamətini müəyyən edən əsas aktorlardan biri kimi çıxış edir. 

Mükəmməl nümunə

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi də elə həyata keçirilən sülh siyasətinin beynəlxalq miqyasda yüksək qiymətləndirilməsinin bariz göstəricisidir.  Sözügedən mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş"in paraflanmasına görə verilib. Bu fakt bir daha sübut edir ki, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və prinsipial mövqeyi bölgədə de-fakto sülhün təmin olunmasında həlledici rol oynayıb. 

Prezident İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, "Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib. Həmin zaman adıçəkilən mükafatın münsiflər heyətinin üzvlərinin ötən il dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərar qəbul etdikləri bildirilib.

"Münsiflər heyətinin adından demək istərdim ki, sülh sazişi üzrə uğurun əldə olunması üçün Zati-alinizin gördüyü işlər bizim hamımızı ruhlandırır və dünyanın müxtəlif yerlərində mövcud münaqişə bölgələri üçün sülhün möhtəşəm bir nümunəsidir.

Biz və bütün dünya bunu dəyərlər baxımından yüksək qiymətləndiririk, çünki dünyanın, həqiqətən, buna ehtiyacı var. Həmin mükafatın Sizə təqdim edilməsi sazişin sülh, barışıq və regional sabitliyin bərqərar edilməsi baxımından əhəmiyyətini göstərir. Cənab Prezident, Sizə həqiqətən təşəkkürümüzü bildiririk", - deyə, Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Azərbaycan Prezidentinin sülh səylərinə beynəlxalq səviyyədə yüksək dəyər verildiyini bu sözləri ilə dilə gətirdi.

Qlobal çağırışlara töhfə

Bütün bu nümunələr ortaya qoyur ki, qlobal miqyasda sülhün və sabitliyin ciddi sınaqdan keçdiyi bir dövrdə Azərbaycanın ortaya qoyduğu sülh modeli həm region ölkələri, həm də beynəlxalq ictimaiyyət üçün nümunə kimi dəyərləndirilir. Eyni zamanda bu mükafat Azərbaycan Prezidentinin yalnız region daxilində deyil, qlobal səviyyədə də sülhə, dialoqa və qarşılıqlı anlaşmaya verdiyi töhfələrin rəsmi təsdiqi kimi  ön plana çıxır. 

Bu faktdır ki, Azərbaycan təkcə regional müstəvidə deyil, dünyada barışın əldə olunması üçün hər zaman mühüm təşəbbüslərlə çıxış edir, qlobal çağırışlara töhfələr verir, münaqişələrin, qarşıdurmaların aradan qaldırılması üçün çalışır. Prezident İlham Əliyevin dünyada sülh yaradan lider kimi tanınması dəfələrlə müharibənin astanasına gələn ölkələr arasında vasitəçilik etməklə tarixi barışdırıcılıq missiyası həyata keçirməsi, yəni fəaliyyəti ilə sülhə xidmət etməsi ilə də birbaşa əlaqədardır.

Bu mənada "Zayed İnsan Qardaşlığı Mükafatı" Azərbaycanın sülh modelinə və dövlətimizin dünyada barışın bərqərar olması üçün göstərdiyi səylərə beynəlxalq etimadın ifadəsidir. Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın regional sabitliyin təmin olunmasında aparıcı və etibarlı aktor statusunu daha da möhkəmləndirir.

Prezident İlham Əliyev beynəlxalq səviyyədə göstərilən yüksək etimadın təzahürü olan bu nüfuzlu mükafatı almağın özü üçün böyük şərəf olduğunu deyib: "Belə nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm".

Bir sözlə, ölkəmizin rəhbərinin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi Azərbaycanın sülhə, dialoqa və beynəlxalq əməkdaşlığa əsaslanan dövlət siyasətinə verilən yüksək qiymətdir. Bu mükafat ölkəmizin regionda qarşıdurmaların deyil, barışın təşviqçisi kimi çıxış etdiyini, sabitliyin və təhlükəsizliyin təmin olunmasında etibarlı tərəfdaş və uğurlu vasitəçi rolu oynadığını göstərir. 

Bəli, qlobal sülhün ciddi sınaqlardan keçdiyi bir dövrdə Azərbaycanın nümayiş etdirdiyi məsuliyyətli və düzgün siyasət sayəsində əldə etdiyi sülh uğuru bu gün dünya üçün örnək təşkil edir. Bu onu göstərir ki, davamlı sülh yalnız güclü siyasi iradə, prinsipial mövqe və qarşılıqlı etimada əsaslanan siyasət nəticəsində mümkündür. Məhz bu yanaşma Azərbaycanı regionda sabitliyi bərqərar edən gücə çevirir və ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

1Sources