Vaşinqtonla Karakas arasında razılaşma çərçivəsində ABŞ tərəfindən satılan Venesuela neftinin bütün gəliri rəsmi olaraq hökumətə ötürülüb...
Poliqon xəbər verir ki, ABŞ Venesuela hökumətinə ölkədən çıxarılaraq ABŞ vasitəsilə satılmış neftdən əldə olunan bütün 500 milyon dollar vəsaiti geri qaytarıb. Bu barədə Reuters agentliyi məsələ ilə tanış mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, söhbət ABŞ-nin sanksiyalar fonunda nəzarətə götürdüyü və sonradan beynəlxalq bazarda satdığı Venesuela mənşəli xam neftdən gedir.
Məlumata görə, Venesuela neftinin daşınması və satışı ötən ay Karakasla Vaşinqton arasında əldə olunmuş razılaşmanın tərkib hissəsi olub. ABŞ ümumilikdə 50 milyon barel Venesuela neftini satıb. Bu həcmdə xam neft 2025-ci ilin dekabrında ABŞ-nin sanksiyalar altında olan bütün tanker gəmilərini Venesuela sahillərində blokadaya almasının ardından realizə olunmamış qalmışdı. ABŞ prezidenti Donald Tramp razılaşmanın mahiyyətini izah edərkən bildirmişdi ki, ABŞ də neft satacaq, Venesuela da: “Biz çoxlu neft satacağıq. Biz bir hissəsini götürəcəyik, onlar isə böyük pay əldə edəcəklər. Onlar indiyədək olmadıqları qədər çox qazanacaqlar”.
Donald Tramp fevralın 1-də açıqlamasında Venesuela neftinin əsas alıcısının Hindistan olacağını da demişdi. Onun sözlərinə görə, bu tədarüklərlə bağlı razılaşmanın konsepsiyası artıq razılaşdırılıb. Bir neçə gün sonra isə ABŞ prezidenti Hindistanın Rusiya neftini almaqdan imtina etdiyini, bunun əvəzinə ABŞ və Venesuela xam neftinə üstünlük verdiyini açıqlayıb. Tramp bu qərara cavab olaraq ABŞ-nin Hindistandan idxal olunan mallara tətbiq etdiyi gömrük rüsumlarını 25 faizdən 18 faizə endirəcəyini bəyan edib.
Poliqon.info