İranın pilotsuz uçuş aparatının (PUA) vurulması ilə bağlı baş vermiş insidentə baxmayaraq, ABŞ və İran İslam Respublikası arasında bu həftəyə planlaşdırılan danışıqlar hələ də qüvvədədir.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Keolayn Livitt "Fox News" telekanalına müsahibəsində məlumat verib.
"Xüsusi nümayəndə Uitkoff bu həftə İran tərəfi ilə danışıqların keçirilməsi üçün hazırlıqları davam etdirir. Hazırda bu planlara heç bir təhlükə yoxdur", - deyə Livitt PUA hadisəsi ilə bağlı sualı cavablandırarkən bildirib.
O, həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı müxtəlif fəaliyyət variantlarını, o cümlədən hərbi güc tətbiqi ehtimalını nəzərdən keçirir.
Xatırladaq ki, fevralın 3-də ABŞ-ın "F-35" qırıcısı "Abraham Lincoln" aviadaşıyıcısına yaxınlaşan İranın "Shahed-139" tipli PUA-sını məhv edib. Amerika rəsmilərinin bəyanatına görə, PUA gəmiyə doğru "əsassız və təhlükəli manevr" edib.