EN

Yorgen Larsen “Kristal Pelas”a, Adam Armstronq “Vulverhempton”a – ARENA.AZ

İngiltərənin “Vulverhempton” klubunun mərkəz hücumçusu Yorgen Larsen bundan sonra “Kristal Pelas”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Kristal Pelas”ın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, sözügedən klub tarixinin ən bahalı futbolçu transferini gerçəkləşdirib. 25 yaşlı norveçli hücumçu ilə 4,5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb. “Kristal Pelas” bu keçidə görə “Vulverhempton”a 49,7 milyon avro ödəyib.

Tam adı Yorgen Strand Larsen olan norveçli hücumçu “Sarpsborq”un yetirməsidir. O, “Qroningen”, “Selta” kimi klublarda da çıxış edib. “Vulverhempton” hücumçunu 2025-ci ilin yayında 27 milyon avroya “Selta”dan transfer etmişdi. Bundan əvvəl isə o, “canavarlar”ın heyətində icarə əsasında çıxış edirdi. Larsen Premyer Liqa təmsilçisinin heyətində 64 oyun keçirib, 20 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Norveçin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Yorgen Larsen 2020-ci ildə debüt etdiyi əsas millidə 24 oyun keçirib, 4 qol vurub.

Larseni satmış “Vulverhempton” da heyətini yeni hücumçu ilə gücləndirib. Sözügedən klub Çempionşipdə çıxış edən “Sauthempton”un forvardı Adam Armstronqu sıralarına cəlb edib.

28 yaşlı ingilis futbolçu ilə 3,5 illik müqavilə imzalanıb. Bu keçid Premyer Liqa kollektivinə 7 milyon funt sterlinqə başa gəlib.

Armstronq cari mövsümdə Çempionşipdə ən məhsuldar futbolçular sırasında yer alır. O, 29 oyunda 11 qol (1-i penaltidən olmaqla) vuraraq daha iki futbolçu ilə birlikdə bombardirlər siyahısında üçüncü pillədə yer alıb.

Adam Armstronq karyerası ərzində “Nyukasl”, “Koventri Siti”, “Barnsli”, “Bolton Uonderers”, “Bləkbörn”, “Vest Bromviç” kimi klubların da şərəfini qoruyub. O, İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
42
6
arena.az

10Sources