Gürcüstan parlamenti "Qrantlar haqqında" qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə - Qeyd) qəbul edib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, parlamentin Hüquqi Məsələlər Komitəsinin sədri Arçil Qorduladze layihənin əsas məqsədinin ölkənin suverenliyinin qorunmasını təmin etmək olduğunu bildirib. Dəyişikliyə əsasən, xaricdə qeydiyyatdan keçmiş, lakin fəaliyyətinin əsas hissəsi Gürcüstanla bağlı olan təşkilatlar qrant almadan əvvəl hökumətdən müvafiq razılıq almalıdır. Eyni qayda xarici fondların Gürcüstandakı filiallarına da şamil olunacaq.
Arçil Qorduladze vurğulayıb ki, bu, əsasən siyasi fəaliyyətlərin maliyyələşdirilməsi ilə məşğul olan təşkilatlara aiddir və sahibkarlıq subyektlərini əhatə etmir. Qanunvericilikdə qrantın icazəsiz alınması və istifadəsi ciddi sanksiyalarla cəzalandırılacaq.
Xüsusilə, xaricdən lobbiçilik və siyasi fəaliyyət üçün ödənilən vəsaitlər cinayət məsuliyyətinə səbəb olacaq. Gürcüstan Cinayət Məcəlləsinə əlavə edilən müddəaya görə, siyasi məqsəd daşıyan qrantlar vasitəsilə çirkli pulların yuyulması 9–12 il həbs cəzasına gətirib çıxara bilər.
Eyni zamanda, qanunun pozulması cərimə, ictimai iş və ya 6 ilə qədər azadlıqdan məhrum etmə ilə nəticələnəcək.
Layihə həmçinin siyasi partiyaların maliyyə fəaliyyəti üçün də yeni qaydalar müəyyən edir. Xaricdən gəlirin 20%-dən çoxunu alan şəxslər 8 il müddətinə siyasi partiyanın üzvü ola bilməyəcək. Öz növbəsində Dövlət Audit İdarəsi siyasi partiyaların maliyyə nəzarətini həyata keçirəcək.
Arçil Qorduladze qeyd edib ki, qanunvericilik paketi həmçinin sahibkarlıq subyektlərinin ictimai-siyasi fəaliyyətini tənzimləyir: "Əgər sahibkarlıq subyekti əsas fəaliyyətinə aid olmayan siyasi fəaliyyətlə məşğul olarsa, ilk dəfə inzibati məsuliyyət, təkrar və sonradan isə cinayət məsuliyyəti ilə üzləşəcək".