Mark Rutte: Sülh sazişi imzalanandan dərhal sonra NATO-nun silahlı qüvvələri, təyyarələri və dəniz dəstəyi regionda olacaq...
Poliqon xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte Ukraynada sülh müqaviləsi bağlanandan sonra Alyansın silahlı qüvvələrinin bu ölkədə yerləşəcəyini bildirib. O, qeyd edib ki, sülh razılaşmasının həyata keçirilməsi üçün NATO-nun hava, dəniz və quru komponentləri daxil olmaqla konkret hərbi dəstək təmin ediləcək.
“Biz sülh razılaşması bağlanandan dərhal sonra orada olacağıq – silahlı qüvvələr, havada təyyarələr, dənizdə dəstək və NATO-nun iştirakı”, deyə Rutte vurğulayıb.
Baş katibin sözlərinə görə, birbaşa hərbi kontingent göndərməyən Alyans üzvləri isə digər formalarda - maliyyə, logistika, təlim və intellektual dəstək vasitəsilə Ukraynaya kömək edəcək.
Rütteqeyd edib ki, Ukrayna üçün sülh yalnız kağız üzərində qalmamalı, real və davamlı olmalıdır. “Sülh möhkəm olmalı, imzalanmış sənədlər isə böyük dövlətlər tərəfindən icra edilməlidir”, – deyə o əlavə edib. Rutte xüsusilə vurğulayıb ki, beynəlxalq ictimaiyyət 1994-cü ildəki Budapeşt memorandumunun təkrarlanmasına yol verməyəcək. O, həmin sənədin Ukraynaya təhlükəsizlik təminatı verməsinə baxmayaraq, Rusiyanın 2014-cü və 2022-ci illərdəki təcavüzləri nəticəsində effektiv olmadığını xatırladıb.
Ruttenin bu açıqlaması Ukrayna münaqişəsinin diplomatik həlli ilə bağlı müzakirələrin intensivləşdiyi bir dövrdə səslənib. NATO rəhbərliyi dəfələrlə bildirib ki, Alyans Ukraynanın təhlükəsizliyinin uzunmüddətli təminatı üçün konkret öhdəliklər götürməyə hazırdır. Eyni zamanda, bəzi üzv ölkələr arasında hərbi kontingentin yerləşdirilməsi məsələsi hələ də müzakirə mövzusudur.
Poliqon.info