Nqolo Kantenin ''sabun operası''na çevrilən ''Fənərbaxça''ya transferi məsələsinə yekun vuruldu.
"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi bütün gücünü ortaya qoysa da, bu keçidi heç cür başa çatdırmaq mümkün olmadı. Hətta klubdan bununla bağlı rəsmi açıqlama da verilib.
''Əl-İttihad'' ilə ''Fənər'' arasında aparılan danışıqlara son gündə Yussef Ən-Nəsiri də daxil edilmişdi. Mərakeşli forvard qarşı tərəfin təklifini qəbul edərək Səudiyyə Ərəbistanına yollanmağa razılıq vermişdi. İlk baxışdan artıq transferin önündə heç bir maneə qalmamışdı. Amma qarşı tərəf lazımi sənədlərin göndərilməsində problem yaratdı. Əslində Kriştiano Ronaldonun yaratdığı yersiz hay-küy də bu transferin baş tutmasına mane oldu. ''Əl-Nəssr''in əsas rəqibi olan ''Əl-Hilal''ın Kərim Benzemanı transfer etmək istəməsi portuqaliyalı superulduzun ciddi narazılığına səbəb olmuşdu.
Onun ''Əl-Nəssr''in bazar ertəsi keçirdiyi çempionat oyununa çıxmaq istəməməsi aləmi bir-birinə qatdı. Səudiyyə Ərəbistanı Yatırım Fondu Benzemanın ''Əl-Hilal''a, Ən-Nəsirinin ''Əl-İttihad''a və nəhayət Kantenin ''Fənərbaxça''ya keçidlərini gözlətdirmək qərarına gəldi. ''Fənər''in rəsmi bəyanatında qeyd olunub ki, ərəblərin sənədləri yanlış göndərməsi üzündən hətta əlavə vaxt verilməsi üçün FİFA-ya müraciət də edilibmiş. Yəni ''sarı-lacivərdlilər'' üzərinə düşəni artıqlaması ilə edib. Amma ''Əl-İttihad'' rəsmiləri üzündən keçid alınmayıb.
İddialara inansaq, Türkiyəyə yollanmağa çoxdan razı olan Kante indiki klubunun rəhbərliyindən izahat tələb edib. O, transferin baş tutmamasının səbəbini öyrənmək niyyətindədi. Kante ona ciddi səbəb göstərilməyəcəyi təqdirdə ''Əl-İttihad''la olan müqaviləsini ləğv etmək barədə düşünür. Zatən 34 yaşlı futbolçunun müqavilə müddəti mövsümün sonunda başa çatır.