EN

SON DƏQİQƏ: Fevralın 4-dən hava dəyişəcək – Güclü qar və şaxta gəlir

Bakıda son günlər müşahidə olunan güclü şimal küləkləri ilə paralel havanın kəskin soyuması paytaxt sakinləri arasında yeni bir sual doğurub: bu proses qar yağma ehtimalını artırırmı? Adətən Xəzər sahili ərazilərə soyuq hava kütlələrini gətirən şimal küləkləri temperaturun sürətlə aşağı düşməsinə səbəb olur və atmosferdə rütubət yetərli olduqda qış yağıntıları üçün əlverişli şərait yaradır. Xüsusilə, fevral ayı Bakıda nadir də olsa qar epizodları ilə yadda qaldığından, meteoroloji dəyişikliklər diqqətlə izlənilir. Havanın ani soyuması fonunda şəhərdə qar gözləntisinin artması həm gündəlik həyata, həm də nəqliyyat və infrastruktur məsələlərinə mümkün təsirləri baxımından aktuallıq kəsb edir.

Maraqlıdır, hazırkı hava şəraiti doğrudanmı Bakıda qar yağışına zəmin yaradır, yoxsa bu, sadəcə mövsümi soyuq dalğasının növbəti mərhələsidir?

Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Bakıda hazırda müşahidə edilən sinoptik şərait atmosferdə soyuq hava kütlələrinin müdaxiləsinin olduğunu göstərir.

“Hazırda havanın temperaturu 6-7°C civarındadır. Bu gün üçün qar və ya sulu qar ehtimalı çox azdır. Axşam saatlarından etibarən havanın temperaturu bir neçə dərəcə enərək 0°C-yə çatacağı proqnozlaşdırılır”.

Ekspert sonda əlavə edir ki, bu da 4 fevral tarixində proqnozlaşdırılan yağıntıların əsasən yağış, arabir sulu qara və qara keçəcəyindən xəbər verir.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
18
konkret.az

1Sources