EN

Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü panel sessiyalarla davam edib

Xankəndi, 3 fevral, AZƏRTAC

Azərbaycan Gənclərinin XI Forumunun ikinci günü panel sessiyalarla davam edib.

AZƏRTAC xəbər verir ki, panellər Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) gedən yol üzrə BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası (#AUC2026) çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunub.

Daha sonra “Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti” mövzusunda panel sessiya keçirilib. Moderatoru Məleykə Tağızadə olan paneldə ADA Universitetinin dosenti Anar Vəliyev, Memarlar İttifaqının katibi Şeyda Novruzzadə, BMT-nin Məskunlaşma Proqramının Gənclərdən İbarət Məşvərət Şurasının üzvü Zeina Elzein, Prezident mükafatçısı Günay İmanova çıxış ediblər.

Panel çərçivəsində şəhərsalmanın milli inkişaf üçün strateji əhəmiyyəti, planlaşdırma qərarlarının uzunmüddətli sosial və məkan təsirləri, bu gün qəbul edilən şəhərsalma qərarlarının gələcək nəsillər üçün yaratdığı məsuliyyət, eləcə də mədəni, sosial və təbii irsin qorunmasında gənclərin rolu müzakirə olunub.

“Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq” mövzusunda keçirilən ikinci paneldə isə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Əmək Statistika Şöbəsinin müdiri Nemət Axundzadə, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının Karyera planlaması şöbəsinin müdiri Zeynəb Həsənova, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlıq Layihələndirilməsi və Şəhərsalma Kafedrasının müəllimi Yeganə Kərimli və ADA Universitetinin dosenti Anar Vəliyev çıxış ediblər.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası 17–22 may tarixlərində Bakıda keçiriləcək. Foruma gedən yol çərçivəsində Azərbaycan hökuməti və BMT-nin Məskunlaşma Proqramının birgə təşəbbüsü olan Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində gənclər də daxil olmaqla müxtəlif hədəf qruplarını əhatə edən tematik layihə və tədbirlərin təşkili davam etdirilir.

Chosen
19
azertag.az

1Sources