EN

Türkiyənin addımı təpkilərə səbəb oldu: Egeyi itirdik

BAKI, 3 fevral. TELEQRAF

Yunanıstanın dəniz məkanını pozması səbəbilə Türkiyənin NAVTEX elanının müddətini sonsuz olaraq uzatması Afinada təpkilərə səbəb olub. Yunanıstan rəsmiləri dənizdə suverenlik hüquqlarının pozulduğunu və Avropa İttifaqının (Aİ) Türkiyənin addımlarına göz yumduğunu bildirərək, bölgədə tək qaldıqlarını deyirlər.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Yunanıstan hökuməti də ölkədə tənqid atəşinə tutulub.

Sabiq deputat Notis Marias Yunanıstan xarici işlər naziri Yorqo Gerapetritisi Aİ zirvəsində mövzunu gündəmə gətirmədiyi üçün tənqid edib. Gerapetritisin təslimçi mövqe sərgilədiyini qeyd edən siyasətçi deyib: “Burada “Türkiyə” sözü yoxdur. “NAVTEX” və “pozuntu” sözləri yoxdur. Müzakirə Yaxın Şərqlə bağlı idi”.

Türkiyənin Egey dənizindəki fəallığına diqqət çəkən Marias Yunanıstanın bu su hövzəsi üzərində nəzarətini faktiki olaraq itirdiyini iddia edib.

“Baş nazir Kiriakos Mitsotakis NAVTEX-i görməzdən gələrək və Aİ-də mövzunu gündəmə gətirmək imkanı varkən, bunları etmədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə gedir. Ərdoğan bütün bunlardan sonra nə düşünəcək, fikirləşirsinizmi?”.

Yunan jurnalist Paris Karvounopoulos isə baş verənlər haqda belə söyləyib: “Egeyi itirmək üçün getmirik, onu artıq itirmişik”.

Qeyd edək ki, NAVTEX potensial təhlükə, təhlükəsizlik və hava hesabatlarını və xəbərdarlıqları avtomatik olaraq orta tezlikdə gəmilərə ötürən beynəlxalq rabitə sistemidir.

Chosen
4
teleqraf.com

1Sources