2026-cı il 3 fevral tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada olub.
"Unikal" xəbər verir ki, görüş çərçivəsində Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti MDU-nun nümayəndə heyətini qəbul edib. Görüş zamanı ali təhsil və əmək bazarı arasında əlaqələrin gücləndirilməsi, elmi-tədqiqat və analitik fəaliyyətlərin genişləndirilməsi, eləcə də gənclərin praktiki bacarıqlarının inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Anar Eminov əməkdaşlığın əhəmiyyətindən bəhs edərək bildirib ki, bu Memorandum universitetin elmi potensialının əmək bazarının real tələbləri ilə uzlaşdırılmasına, tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, region üzrə sosial-iqtisadi proseslərin elmi əsaslarla təhlilinə mühüm töhfə verəcək. Rektor qeyd edib ki, Milli Observatoriya ilə qurulan bu əməkdaşlıq MDU-nun təhsil, tədqiqat və innovasiya fəaliyyətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradacaq.
Elnur Səfərli çıxışında vurğulayıb ki, ali təhsil müəssisələri ilə əməkdaşlıq əmək bazarının monitorinqi, sosial rifah göstəricilərinin təhlili və məlumatlara əsaslanan qərarvermə mexanizmlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. O, MDU ilə birgə həyata keçiriləcək tədqiqat, monitorinq və təlim fəaliyyətlərinin həm gənclərin karyera inkişafına, həm də regional əmək bazarının daha dərindən öyrənilməsinə xidmət edəcəyini bildirib.
Görüşün sonunda Mingəçevir Dövlət Universiteti ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əmək bazarı, sosial müdafiə, elmi-tədqiqat, təlim və analitik fəaliyyət sahələrində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi əmək bazarı və sosial müdafiə sahələrində elmi-tədqiqat, monitorinq, analitik və proqnozlaşdırma fəaliyyətlərinin birgə həyata keçirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına dəstək göstərilməsi, region üzrə məşğulluq və sosial rifah göstəricilərinin araşdırılması, həmçinin hər iki qurumun institusional potensialının gücləndirilməsidir.
Sənəddə əməkdaşlığın əsas istiqamətləri kimi elmi-tədqiqat və analitika, monitorinq və sorğu fəaliyyətləri, təcrübə və karyera inkişafı, təlim və innovasiya, eləcə də strateji əməkdaşlıq və layihələrin icrası müəyyənləşdirilib.
Bununla yanaşı, Memorandumdan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Mingəçevir Dövlət Universiteti ilə Milli Observatoriya arasında 2026-cı il üçün Birgə Tədbirlər Planı da imzalanıb. Birgə Tədbirlər Planı çərçivəsində təlim və mühazirələrin təşkili, tələbələr üçün infotur və təcrübə proqramlarının həyata keçirilməsi, birgə seminar və dəyirmi masaların keçirilməsi, eləcə də görülən işlərin ictimaiyyətə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, imzalanmış sənədlər tərəflər arasında uzunmüddətli və sistemli əməkdaşlıq üçün hüquqi və institusional zəmin yaratmaqla, təhsil–əmək bazarı əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.