EN

Elmlər doktorluğuna maraq niyə azalır? - Ekspert səbəbləri açıqladı

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib ki, Fəlsəfə doktorluq dərəcəsi almaq istəyən gənclərimizin sayında artımlar olsa da, elmlər doktoru olmağa can atanların sayı azalıb. Elmlər doktorluğuna marağın azalmasının səbəbləri nədir?

Mövzu ilə bağlı Ölkə.az-a danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, ölkəmizdə fəlsəfə doktoru elmi dərəcəsi aldıqdan sonra bir çox şəxslər məhz bu mərhələdə dayanır və elmi tədqiqat fəaliyyətlərini elmlər doktorluğu istiqamətində davam etdirməyə ciddi maraq göstərmir:

"Bildiyiniz kimi, Azərbaycan Avropa Şurasına qəbul olunduqdan sonra Avropa təhsil sisteminə keçid edib. 2008–2009-cu illərdən etibarən ümumi təhsil sahəsində Kurikulum tədris proqramı tətbiq olunmağa başlayıb. Eyni zamanda ali təhsil müəssisələrinin fəaliyyəti də 2003-cü ildən etibarən mərhələli şəkildə Bolonya sistemi əsasında qurulub.

XX əsrin əvvəllərində, təxminən 2003-2004-cü illərdə Almaniyanın Berlin şəhərində qəbul edilən bəyannamə ilə Avropa standartlarına uyğun olaraq bakalavr və magistr olmaqla iki pilləli ali təhsil sistemi, eləcə də fəlsəfə doktorluğu elmi dərəcəsi təsbit edildi.

Bu qərarlarda əsasən vurğulanırdı ki, doktorluq səviyyəsində yeganə elmi dərəcə fəlsəfə doktorluğu olmalıdır. Elmlər doktorluğu isə əsasən MDB məkanında, keçmiş sovet təhsil sistemindən qalma bir model kimi formalaşıb. Məhz bu səbəbdən də hazırda ölkəmizdə bir çox vətəndaş elmlər doktorluğu istiqamətində təhsillərini davam etdirmək istəmir, fəlsəfə doktorluğu ilə kifayətlənir.

Müasir tələblərə baxdıqda elmi tədqiqat sisteminin o qədər də səmərəli olduğu deyilə bilməz. Bu mərhələ bir çox hallarda alimlərin elmi və peşəkar inkişafına mane olur, vaxt itkisinə səbəb yaradır, karyera planlamasını çətinləşdirir.

Bizim fikrimizcə, bu istiqamətdə iki mümkün yanaşma mövcuddur: ya elmlər doktorluğu mərhələsi ləğv edilməli və yalnız fəlsəfə doktorluğu saxlanılmalıdır, ya da fəlsəfə doktorluğunu ləğv edib, hər bir ixtisas üzrə yalnız elmlər doktorluğu tətbiq edilməlidir. Bu halda elmi tədqiqatla məşğul olan şəxslər əlavə mərhələlər və çətinliklərlə üzləşməzlər.

552874

Lakin dünya təcrübəsinə baxdıqda, xüsusilə inkişaf etmiş ölkələrdə əsas doktorluq dərəcəsinin məhz fəlsəfə doktorluğu (PhD) olduğu aydın görünür. Xarici alimlərin böyük əksəriyyətinin adının qarşısında yalnız PhD qeyd olunur ki, bu da beynəlxalq standartlara tam uyğundur.

Elmlər doktorluğu mərhələsində elmi fəaliyyət göstərən şəxslər fəlsəfə doktoru olduqdan sonra yenidən əlavə tədqiqatlar aparmaq və uzun illər ərzində yeni bir elmi dərəcə əldə etmək məcburiyyətində qalırlar. Bu isə zaman itkisi yaradır və marağın azalmasının əsas səbəblərindən biri kimi çıxış edir.

Düşünürəm ki, bu məsələdə Elm və Təhsil Nazirliyi, eləcə də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yaxın dövrdə qərar qəbul etməli və iki pilləli deyil, vahid, birpilləli doktorluq sistemi tətbiq olunmalıdır".

Həmidə İbrahimova

Chosen
22
1
olke.az

2Sources