"Qarabağ"ın Çempionlar Liqasındakı ağır oyun qrafiki Premyer Liqada oyunların təxirə salınmasını gündəmə gətirib.
Məsələn, 17-24 fevral tarixlərində "Nyukasıl"la qarşılaşacaq Ağdam klubunun 20-22 fevral tarixlərinin birində "Neftçi" ilə Premyer Liqa matçı var.
Elə ən çox tarixi derbinin təxirə salınması ehtimal olunur.
Amma "ağ qaralar"ın fanatları buna qarşıdır.
Azarkeşlər narazılığını sosial şəbəkə hesabından açıq şəkildə dilə gətirib.
"Neftçi" info" adlı səhifə isə bu barədə geniş bəyanat yayıb:
"Premyer Liqanın 21-ci turunda "Neftçi" "Qarabağ"ı qəbul edəcək. Bu 20-22 Fevral tarixlərinin birində olacaq. Bir məsələ də var ki, "Neftçi" ilə oyundan qabaq və sonra rəqibin "Nyukasl"la oyunu var.
Bu məsələyə görə "Neftçi" ilə oyunu təxirə düşə bilər. Təxirə salmaq şousu başlayıb artıq.
Biz buna qəti etiraz edirik! Çünki bu özəl klubdu, Azərbaycan milli komandası deyil ki, bəzi güzəştlər olsun.
Rəqibin kimlə harada nə oynayacağı bizə maraqlı deyil.
Birinci dövrədə "Qarabağ" bu səbəbdən 3 oyun ard-arda öz evində oynadı, amma reqlamentlə maksimum 2 oyun icazəsi var. Əgər uymayacaqlarsa bu reqlamentin nə mənası var! Biz reqlamentin düzgün yerinə yetirilməsini və "Neftçi" rəhbərliyindən əgər təxirə salmaq məsələsi varsa, etiraz etmələrini tələb edirik!
İşləri gücləri Bakıda pulsuz torpaq, yer istəmək olan klubun işləri bizə bir qram maraqlı deyil və bizim oyunlarımıza mane olmasını istəmirik. Üstəlik də yer istəyən "Turan Tovuz" kimi ödənişini edib alsın.
Bir də “Neftçi" "Qarabağ"ı təbrik etmədi” söhbətini nə qədər tirajlasanız da təsir etməyəcək. Çünki hələ nə "Everton" "Liverpul"u, nə "Mançester Siti"nin "Mançester Yunayted"i təbrik etdiyi olmayıb. “Uşaq baxçası” yanaşmanızı özünüzə saxlayın.
Bu nə milli komandadadı, nə də bizdən üstün klub. Biz xüsusi münasibət yox, eyni qaydalar istəyirik".