EN

Əhalinin diqqətinə! - Yüzlərlə ailə onların girovuna çevrilib

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev ötən gün parlamentdə çıxışı zamanı yüzlərlə ailənin yarımçıq qalan binaların girovuna çevrildiyini bildirib. O, bəzi mənzil-tikinti kooperativlərinin məsuliyyətsiz fəaliyyəti fonunda mövcud qanunvericiliyin vətəndaşı tam qoruya bilmədiyini vurğulayaraq, bu sahədə konkret mexanizmlərin yaradılmasını təklif edib.

Məsələ ilə bağlı “Yeni Sabah”a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib ki, qaldırılan məsələ kifayət qədər aktualdır.

Onun fikrincə, prosedur və mexanizmlər geniş formada qurulmalıdır ki, vətəndaşların hüquqları tam şəkildə təmin olunsun: “İstehlakçılar bütün risklərdən qorunmalıdır. Artıq ölkəmizdə 25 ildən çoxdur formalaşmış bir praktika mövcuddur. Risklərin tam şəkildə vətəndaşların üzərindən götürülməsinə nail olmağın vaxtı çatıb və bu istiqamətdə ciddi tədbirlər görülməlidir.

Söhbət təkcə binaların inşası mərhələsində yaranan problemlərdən getmir. Hətta mənzillər alındıqdan sonra da problemlər artmaqda davam edir. Yəni binalar və mənzillər sadəcə sakinlərə satılmaq məqsədi daşımamalıdır. Əsas məqsəd istehlakçıların bu binalarda firavan, təhlükəsiz və qanuna uyğun şəkildə yaşamasını təmin etməkdir”.

Ekspert bildirib ki, yeni tikililərin 99 faizində müxtəlif idarəetmə problemləri mövcuddur:

“Bu sahədə problemlər çoxdur, hətta deyərdim ki, toxunulan məsələlərdən dəfələrlə artıqdır. Nəzərə alsaq ki, ölkədə 2500-ə yaxın yeni inşa olunmuş bina var və bu binalarda yaşayan istehlakçıların sayı artıq 1 milyonu keçib, problemin miqyası daha aydın görünür. Hazırda həmin 1 milyon istehlakçı müxtəlif idarəetmə və hüquqi problemlərlə üz-üzədir.

Vətəndaşların hüquqlarının qorunması üçün kifayət qədər mexanizmlər mövcuddur və bunların tətbiqi tam mümkündür. Bu mexanizmlərdən biri də ilkin qeydiyyat çıxarışıdır”.

E.Azadov beynəlxalq və yerli təcrübənin vətəndaşların hüquqlarını qorumaq üçün kifayət etdiyini deyib:

“Məsələn, Türkiyədə bank sistemi, yerli icra orqanları və tikinti şirkətləri arasında olduqca mükəmməl və qarşılıqlı asılılıq əsasında qurulmuş bir əlaqə var. Layihəni, adətən, yerli bələdiyyə və müvafiq dövlət qurumları hazırlayır. Layihə hazırlandıqdan sonra bəzi hallarda tikinti şirkətinin iştirakı ilə, bəzi hallarda isə birbaşa dövlət qurumları tərəfindən proses davam etdirilir. Layihə təsdiqləndikdən sonra tenderlərin keçirilməsi də mümkündür.

Tikinti şirkəti layihəni icraya götürdüyü andan etibarən bank zəmanəti təqdim olunur. Bununla yanaşı, bank tikinti şirkəti üçün həm maliyyə təminatını həyata keçirir, həm də tikinti prosesinə nəzarət edir. Yəni tikintinin gedişatı bankın nəzarəti altında aparılır.

Bina tam hazır olduqdan sonra bütün hüquqi prosedurlar tamamlanır və çıxarış əldə olunur. İlkin mərhələdə vətəndaşlara ilkin qeydiyyat çıxarışı verilir ki, Türkiyədə buna “tapu” deyilir. Daha sonra bina tam istifadəyə verildikdən sonra bank əməliyyatları və digər hüquqi proseslər bağlanır.

Nəticədə bina birbaşa istifadəçilərin mülkiyyətinə və idarəetməsinə keçir və vətəndaşlar həmin əmlakdan istədikləri kimi, qanuna uyğun şəkildə istifadə edirlər”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Chosen
10
yenisabah.az

1Sources