EN

Simonyan: “Rusiyanın TRİPP-də iştirakı absurddur”

AzVision.az xəbər verir ki, Alen Simonyan “Faktor TV” telekanalına müsahibəsində belə imkanı təsdiqləyə bilməyəcəyini deyib, çünki TRIPP ilk növbədə erməni-amerikan təşəbbüsüdür.

“Əgər biz marşrut və ya yolun açılmasından danışırıqsa, o zaman, mənim fikrimcə, bu, ayrıca təşəbbüs kimi çərçivəyə salınmalıdır. TRIPP çərçivəsində bu, bir qədər absurd görünür. Çünki bu, mahiyyət etibarilə TRIPP-nin işləməsinin qarşısını almaq üçün mümkün olan hər şeyi etmək demək olardı”,– Ermənistan parlamentinin sədri vurğulayıb.

Rusiyanın layihədə marağına münasibət bildirən Alen Simonyan bunu fövqəlgüclərə xas olan normal davranış modeli kimi qiymətləndirib. Onun sözlərinə görə, bunda yeni və ya qeyri-adi heç nə yoxdur, çünki bütün dövlətlər qonşu ölkələrdə öz təsirlərini saxlamaqda və genişləndirməkdə maraqlıdırlar.

Simonyan:“Azərbaycanla müharibə səhifəsini çevirmişik”
Qeyd edək ki, bu müsahibədə Simonyan həmçinin Azərbaycanla Ermənistan arasında müharibə səhifəsinin qapandığını düşündüyünü bildirib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Türkiyənin “Tramp marşrutu”nda mümkün iştirakı ilə bağlı sualı cavablandırarkən deyib ki, TRIPP erməni-amerikan layihəsi olduğundan hər hansı üçüncü tərəfin iştirakı Ermənistan və ABŞ-nin razılığını tələb edir.

Bununla yanaşı, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Azərbaycan və Türkiyəyə gedən dəmir yolu hissələrində bərpa işlərinin Rusiya tərəfi ilə birgə aparılması barədə İrəvanda anlayışın olduğunu söyləyib.

– Ermənistan Rusiya ilə İcevan və Axurikdə dəmir yolu hissələrinin bərpası ilə bağlı danışıqları davam etdirir. Biz başa düşürük ki, bu hissələrdə bərpa işləri Rusiya tərəfi ilə birgə, yəni birbaşa iştirakı ilə aparılacaq”,– erməni nazir deyib.

Yeri gəlmişkən, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Cənubi Qafqaz Dəmir Yollarına Türkiyə və Azərbaycana gedən sərhəd dəmir yolu hissələrini təcili bərpa etməyi tapşırıb.

Paşinyanın sözlərinə görə, sərəncam Yeratsxdan Azərbaycanla sərhədə (Naxçıvan), həmçinin Axurikdən Türkiyə ilə sərhədə qədər olan hissəyə aiddir.

Xatırladaq ki, Ermənistanda Razdan-İcevan-Qazax-Ağstafa (təxmini dəyəri 318 milyon dollar), Yeratsx-Horadiz (təxminən 61,5 milyon dollar) və Gümrü-Axuryan stansiyasında (təxminən 8–9 milyon dollar) dəmir yolu xətlərinin bərpası planlaşdırılır. Erməni tərəfinin çox təqribi hesablamalarına görə, İrəvan təkcə dəmir yolunun təmirinə təxminən 500 milyon dollar xərcləyəcək.

Sahil İsgəndərov
AzVision.az
Chosen
31
azvision.az

1Sources