EN

Beynəlxalq media Türkiyədə zəlzələ sonrası bərpa işlərini izləyəcək

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Beynəlxalq Media Koordinatorluğu beynəlxalq media nümayəndələri üçün xüsusi media proqramı təşkil edir.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir bildirib.

Onun sözlərinə görə, proqram çərçivəsində müxtəlif ölkələrdən olan jurnalistlər zəlzələdən zərər çəkmiş bölgələrdə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcəklər.

C.İşbilir deyib ki, proqramda ABŞ, Almaniya, Çin, Cənubi Koreya, İtaliya, Macarıstan, Yunanıstan, Bosniya və Herseqovina, Bolqarıstan, Misir və Azərbaycandan olmaqla 11 ölkədən 32 beynəlxalq jurnalist iştirak edir. Proqrama dəvət olunan media nümayəndələri 6 fevral zəlzələlərindən sonra fəlakət bölgəsinə gələrək hadisələri yerində işıqlandırmış jurnalistlər arasından seçilib. Bu isə onlara üç il əvvəl böyük dağıntılara məruz qalan şəhərlərdə bugünkü vəziyyəti müşahidə etməyə və bərpa prosesinin nəticələrini müqayisəli şəkildə qiymətləndirməyə imkan yaradır.

4–6 fevral 2026-cı il tarixlərində keçiriləcək beynəlxalq media proqramı Hatay, Kahramanmaraş və Osmaniye şəhərlərini əhatə edəcək. Proqram zamanı zəlzələdən zərər çəkmiş ərazilərdə tamamlanan daimi yaşayış binaları, ehtiyat yaşayış zonaları, şəhər mərkəzlərində aparılan abadlıq və imar işləri beynəlxalq mediaya yerində təqdim olunacaq.

Səfər çərçivəsində Hatayda Sent Pyer Kilsəsi Anıt Muzeyi, Habib-i Neccar məscidi, Hatay Tarixi Məclis Binası və Qurtuluş küçəsi, Kahramanmaraşda isə Arxeologiya Muzeyi, Qapalı Çarşı və Ulu məscid kimi zəlzələdə zərər görmüş və sonradan bərpa edilən mühüm tarixi-mədəni məkanlara baxış keçiriləcək. Ziyarətlər vasitəsilə mədəni irs obyektlərinin yenidən şəhər həyatına və sosial mühitə necə qaytarıldığı nümayiş etdiriləcək.

Alptekin Cihangir İşbilir qeyd edib ki, proqram çərçivəsində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum beynəlxalq media nümayəndələri ilə görüşəcək. Proqramın Osmaniye mərhələsində isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəlzələnin ildönümü münasibətilə keçirəcəyi tədbir və çıxışlar jurnalistlər tərəfindən izləniləcək.

O da vurğulanıb ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən 2024-cü ildən bu günədək təşkil olunan media proqramları vasitəsilə 26 ölkədən ümumilikdə 334 jurnalist zəlzələdən sonra aparılan bərpa və yenidənqurma işlərini yerində izləmək imkanı əldə edib.

"Cebheinfo.az"

Chosen
8
14
cebheinfo.az

10Sources