"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl"ın futbolçusu Brunu Gimaraeş zədə səbəbindən sabah İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinin "Mançester Siti"yə qarşı cavab qarşılaşmasını buraxacaq.
"Far.Az" xəbər verir ki, bunu komandanın baş məşqçisi Eddi Hau oyundan öncə mətbuat konfransında deyib.
Mütəxəssis heyətdəki digər futbolçuların da durumu haqqında danışıb:
"Brunu yaxşı oynayır, amma düşünmürəm ki, bu oyunda iştirak edəcək. Lakin həftəsonu üçün şans var. Sven Botmanın durumu yaxşıdır. Luis Mileyin isə də bu oyunda iştirak edəcəyinə əmin deyiləm. Co Uillokun burada olmasından və oynamasından çox məmnunam. Düşünürəm ki, o, son iki matçda özünü həqiqətən yaxşı tərəfdən göstərib. Bu, onun ən yaxşı formasına qayıtmasıdır və düşünürəm ki, o, çox, çox yaxşı oyunçudur. Heç vaxt Conu "transfer pəncərəsi"ndə itirmək barədə düşünməmişəm. O, çox vacib futbolçudur. Sahib olduğumuz və formada olan hər bir oyunçu bizim üçün həqiqətən dəyərlidir".
Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.