EN

Cənubi Qafqazda böyük toqquşma planı?- Köçəryanın bəyanatı suallar doğurur

Cənubi Qafqazda formalaşmaqda olan yeni geosiyasi reallıqlar regiondaxili və regiondan kənar aktorların maraqlarının kəskin şəkildə toqquşmasına səbəb olur. Ermənistanın Qərbə doğru istiqamətlənməsi, xüsusilə də ABŞ-la yaxınlaşması həm Tehranda, həm də Moskvada narahatlıqla qarşılanır. Bu fonda Ermənistanın daxili siyasi fiqurlarının proseslərdən manipulyativ məqsədlərlə istifadə etməyə çalışması diqqətdən yayınmır. Keçmiş prezident Robert Köçəryanın son açıqlamaları da məhz bu kontekstdə qiymətləndirilir.

Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, Robert Köçəryanın səsləndirdiyi iddialar yeni deyil və uzun müddətdir İran tərəfindən dövriyyəyə buraxılan tezislərlə üst-üstə düşür:

“İran vaxtilə Zəngəzur dəhlizini öz “qırmızı xətti” elan etmiş və bu layihənin reallaşacağı təqdirdə Ermənistan–İran sərhədinin itiriləcəyi kimi əsassız iddialar irəli sürmüşdü. Politoloq vurğulayıb ki, bu yanaşmanın məntiqsiz və absurdluğu həmin ideyanın müəlliflərinə də yaxşı məlumdur. Hazırda Köçəryan bu iddialardan istifadə edərək İranı yenidən Ermənistan üzərindən təzyiq mexanizminə cəlb etməyə çalışır. Lakin bu prosesi yalnız Köçəryanın şəxsi təşəbbüsü kimi qiymətləndirmək doğru olmaz. Köçəryan və Serj Sarkisyan da daxil olmaqla Ermənistan müxalifəti, Erməni Apostol Kilsəsi və oliqarxik çevrələr faktiki olaraq Rusiyanın Ermənistandakı təsir və kəşfiyyat şəbəkəsinin tərkib hissəsidir”.

Politoloq hesab edir ki, Köçəryanın bu mövzunu gündəmə gətirməsi onun Moskva tərəfindən verilən siyasi təlimat əsasında hərəkət etdiyini göstərir:

“Bu tezislərin Kremlin maraqlarına uyğun şəkildə formalaşdırıldığı və mövcud situasiyadan istifadə edildiyi açıq şəkildə sezilir. Zəngəzur dəhlizi və ya yeni adı ilə “Tramp marşrutu” olduqca mühüm strateji və geostrateji layihədir. Bu layihənin reallaşması Cənubi Qafqazın inkişafında yeni mərhələnin başlanğıcı olacaq və regionda güc balansını köklü şəkildə dəyişəcək. Bu halda nə İranın, nə də Rusiyanın bölgəyə təsiri əvvəlki səviyyədə qalacaq. ABŞ ən azı 99 il müddətinə regionda möhkəmlənmək imkanı əldə edəcək ki, bu da Moskva və Tehranın Cənubi Qafqazda təhdid və təzyiq ritorikasını əvvəlki kimi davam etdirməsini faktiki olaraq mümkünsüz edəcək”.

Politoloq əlavə edib ki, məhz bu səbəbdən Paşinyan hakimiyyətinə qarşı ciddi siyasi təzyiqlər göstərilir. Rusiya mövcud hökuməti öz təsir dairəsinə daxil olan fiqurlarla əvəzləmək niyyətindədir və bu siyahının önündə Ermənistanın keçmiş prezidenti, hərbi cinayətlərdə adı hallanan Robert Köçəryan dayanır.

//Gülnarə Abasova, Editor.az

Chosen
14
editor.az

1Sources