EN

“Trabzonspor” kubok matçına ciddi hazırlaşıb

“Trabzonspor” bu gün Türkiyə Kubokunda “Fethiyespor”la keçirəcəyi qarşılaşma öncəsi hazırlıq prosesini yekunlaşdırıb. Komandada zədə səbəbindən müdafiədə Stefan Saviç, yarımmüdafiədə isə Edin Visça və Oleksandr Zubkov bu matçda forma geyinməyəcək.

İdman.Biz xəbər verir ki, “bordo-mavi”lər Superliqada “Antalyaspor”la səfərdə 1:1 hesablı heç-heçədən sonra Trabzona qayıdaraq fasilə vermədən məşqlərə start veriblər və bu gün baş tutacaq kubok oyununa tam fokuslanıblar.

Texniki heyət futbolçuların fiziki durumunu nəzərə alaraq məşq proqramını iki qrup üzrə planlaşdırıb. “Antalyaspor”la matçda forma geyinən futbolçular bərpa yönümlü regenerasiya məşqi ilə kifayətləniblər. Matçda az oynayan və ya ümumiyyətlə meydana çıxmayan futbolçular isə daha intensiv proqram üzrə çalışıblar.

Bildirilir ki, baş məşqçi Faith Təkkə bugünkü qarşılaşmada bəzi mövqelərdə rotasiyaya gedə bilər və son məşqlər oyun heyətinin formalaşmasında həlledici rol oynayıb.

Qeyd edək ki, “Trabzonspor” Türkiyə Kubokunun A qrupunda ilk turda “Alanyaspor”a 0:1 hesabı ilə uduzub, ikinci oyunda isə “İstanbulspor”u 6:1 hesabı ilə məğlub edib. “Bordo-mavi”lər hazırda A qrupunda üç xalla üçüncü pillədə qərarlaşıb və “Fethiyespor” üzərində qələbə qazanaraq qrupdan çıxmaq şansını qorumağı hədəfləyir.

“Trabzonspor” - “Fethiyespor” oyunu bu gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

İdman.Biz
Chosen
9
1
idman.biz

2Sources