EN

Emin Əmrullayevlə görüşə gedən müəllimin başına iş gəldi: Onları otağa salıb,nazirdən gizlədənlər kim olub? DETALLAR

ain.az, Avtosfer saytına istinadən bildirir.

Azərbaycan dili və ədəbiyyat müəllimi Əsmər Vasifqızı, Elm və Təhsil naziri Emin Əmrullayevin Kürdəmir rayonunda 5 nömrəli məktəbdə keçirdiyi vətəndaş qəbulu ilə bağlı yaşadığı xoşagəlməz hallarla bağlı narazılığını bildirib.Avtosfer.az xəbər verir ki, bu barədə müəllim özü Oxu24.com saytına müraciətində bildirib.

Müəllimin sözlərinə görə, nazirlə görüşmək üçün rəsmi qeydiyyatdan keçsə də, görüş günü o və bir çox müəllim süni maneələrlə üzləşib. 

Əsmər müəllimin bildirdiyinə görə, nazirlə görüş günü proses heç də elan olunduğu kimi şəffaf keçməyib. Nazir vətəndaşları birinci mərtəbədə qəbul etsə də, vətəndaşlar 2-ci mərtəbədəki akt zalında gözlədilib. Vətəndaşların səsləri eşidilməsin deyə, hətta, dəhlizə  çıxmağa icazə verilməyib.

"Saat 15:26-da nazir  artıq yola düşmüşdü. Qalan vətəndaşları hələ 2 saat akt zalında saxladıqdan sonra bildirdilər ki, sizi  Nazirliyin əməkdaşları qəbul edəcək.",-deyə şikayətçi bildirib.

Müəllim bildirir ki,  əməkdaşların qəbulunda dəfələrlə olub, portal.edu.az vasitəsilə də dəfələrlə müraciət edib. Hər dəfə şablon sözlərlə yola salınıb.  Nazirin qəbulu üçün  Bakıdan Kürdəmirə gedən müəllim kor-peşman geri qayıtmalı olub. Müəllim bu görüş üçün dekabr ayında qeydiyyatdan keçib. Onun sözlərinə görə, daha sonra ona müxtəlif zənglər də gəlib ki, nazirin qəbuluna getməsin.

Müəllimin əsas problemi nədir?

Əsmər Vasifqızının illərdir həll olunmayan problemi həm ailə vəziyyəti, həm də təhsil sistemində tez-tez qəbul edilən qərarlardır. 2017-ci ildə MİQ imtahanından keçərək işə qəbul olunan müəllim iki il ucqar kənddə kirayə ev tutaraq qalıb işləyib.

Müəllim bildirir ki, o zamanlar müəllim  üç il həvəsləndirmə tədbirləri tətbiq olunan məktəbdə  işləyibsə, üç il tamam olduqda öz yaşayış yerinə uyğun olaraq yerdəyişmə edə bilirdi. Lakin, sonralar bu qayda ləğv edildi.  

Müəllim 2019-cu ildə ailə qurub Bakıya köçsə də, Bakıdan-Kürdəmirə gedərək işləməyə davam edib ki, yerdəyişmə imtahanında balını yüksəldərək Bakıya yerini dəyişə bilsin. 2020-ci ildə böyük səylə aylarla imtahana hazırlaşsa da, vaxta  3 həftə qalmış pandemiyaya görə imtahana buraxılmayıb. 

“Müəllimlərin iş yerdəyişməsi tədricən çətinləşdirildi. Müəllim üç il ucqarda işləyib yerdəyişmə edə bilirdi, bu da bir stimul idi ki, müəllimlər ucqar kəndləri seçsin. Bunu ləğv etdilər. İmtahana 3 həftə qalmış elan etdilər ki, daimi müqaviləsi olan müəllimlər imtahana buraxılmayacaq. Aylarla çəkilən əziyyət bir qərarla məhv oldu. Daha sonra hətta, Bakıya yerdəyişmə də tamamilə ləğv olundu.  Bakıda işləyə bilmək üçün yeganə vasitə MİQ imtahanlarıdır. Bu imtahanlar da hər il süni şəkildə çətinləşdirilir. Hər il imtahanlarda problemli suallar olur, mətbuatda da işıqlandırılır, amma faydası olmur. Bakı şəhəri üçün vakansiya çox az verilir, yüksək bal toplayan kifayət qədər işsiz müəllimlər var. Mənim kimi bir çox müəllim bu səbəblərdən ailəsindən, evindən ayrı düşmək məcburiyyətində qalır”,-Əsmər müəllim deyir. 

Müəllim bildirir ki, həmin tədris ilində 5 gün Kürdəmirin ucqarında işləyib, həftə sonu Bakıya gələrək kursa gedirmiş, eyni zamanda ana olmağa hazırlaşırmış. Anidən imtahana buraxılmadığını eşidəndə vəziyyəti pisləşib, övladının səhhətində də problemlər yaranıb. Dəfələrlə nazirliyə zəng edib, ona daha sonra tədris ili ərzində daimi müqaviləsi olan müəlllimlər üçün yenidən imtahan təşkil olunacağı barədə vəd verilsə də, bu baş tutmayıb. Müəllim bildirir ki, anidən verilmiş bir qərar onun taleyini həll edib, bütün maddi, zehni, fiziki əməyi puç olub. Daha sonra Sertifikasiya imtahanlarında iştirakı da ikinci dəfə ana olmağa hazırlaşdığı üçün baş tutmayıb.  Müəllim çıxılmaz vəziyyətdə qalaraq iki körpə uşaqla hər həftə Bakıdan Kürdəmirin ucqarına gedərək bir müddət işləyib. Övladlarının hər ikisinin sağlamlığında baş verən problemlərə görə 2025-ci tədris ilində uşağa qulluğa görə məzuniyyət götürməli olub. Körpələr hər həftə uzaq yollara  tab gətirməyib.

Əsmər xanım, bəs rayon şəraitində çalışmaq barədə nə deyə bilərsiniz? Şərait necədir? 

"Rayon şəraitində işləmək mənim həyatıma yaxşı təsir edib, gözəl xatirələrim var. Əgər bu gün mən burada yaşamasaydım, yerdəyişmə etmək istəməzdim. Kürdəmirin mərkəzində böyüyüb-yaşamışam, oxumuşam. 

Mən kəndə gedəndə orda nə normal işıq, nə internet, nə də qaz-su var idi. Heç yol da yox idi. Mən hər həftə gedirdim 5 gün işləyirdim, 6-bazar isə rayonun mərkəzinə evimə gəlirdim. Kənddəki məktəbdə nə müəllim kollektivindən, nə də valideynlərdən heç bir şikayətim yoxdur. Əksinə mənim haqqımda kimi danışdırsalar, çox gözəl məlumat verərlər. Amma orada çalışmağımın maddi cəhətdən heç bir faydası yox idi. Çünki, bütün gəlirimi yola sərf etmişəm. Bunlara baxmayaraq, həvəslə işləmişəm”.

Kürdəmirin ucqar kəndindən gələn bu etiraz əslində buz dağının görünən tərəfidir. Bu gün Azərbaycanın minlərlə gənc müəllimi eyni aqibəti yaşayır: Universiteti bitirib böyük həvəslə bölgələrə yollanan, orada qazsız, işıqsız, yolsuz kəndlərdə fədakarlıqla çalışan müəllimlər, şəxsi həyatlarında baş verən dəyişikliklərdən sonra (ailə qurmaq, övlad sahibi olmaq və s.) sanki bir "tələyə" düşürlər.

Mövcud mənzərə göstərir ki, təhsil sistemində yerdəyişmə (perevod) mexanizmi müəllimə kömək etmək üçün deyil, onu çıxılmaz vəziyyətə salmaq üçün qurulub. 

Oxunub 112

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
avtosfer.az

1Sources