EN

Dünyanı bir-birinə qatan Epşteyn - DOSYE

ABŞ-də son günlər gündəm olduqca qarışıb. Buna səbəb 2019-cü ildə federal həbsxanada intihar edən və azyaşlı qızların istismarında ittiham edilən Cefri Epşteyn ilə bağlı yayılan istintaq məlumatlarıdır. Cefri Epşteynlə bağlı başladılan istintaqla əlaqədar yayılan fotolar, sənədlərdə adı keçən siyasilər məsələnin daha qlobal xarakter daşıdığını göstərir. Bu səbəbdəndir ki, son günlər dünya mediasının diqqət mərkəzində məhz Epşteyn dosyesi dayanır. Yanvarın əvvəlində ABŞ məhkəməsi Epşteyn işi ilə bağlı təxminən min səhifəlik məhkəmə sənədlərini yayımlayıb. Məşhurları və dövlət məmurlarını özəl adasına gətirməsi ilə tanınan amerikalı maliyyəçi yetkinlik yaşına çatmayanların cinsi istismarı kimi cinayətlərdə ittiham edilir.

Modern.az Epşteyinin necə varlandığını və belə bir şəbəkəni necə qurmasını araşdırıb.

Ceffri Epşteyn 20 yanvar 1953-cü ildə Nyu-Yorkda Ceffri Epşteyn Paula və Seymur Epşteynin ailəsində anadan olub. O, ailəsi ilə birlikdə Sea Gate adlanan məhəllədə yaşayıb. Lafayet Liseyində oxuyan Epşteyn kollec təhsilinə "Cooper Union"da başlayıb, lakin daha sonra Nyu-York Universitetinə və Courant Riyaziyyat Elmləri İnstitutuna keçib. Üç il burada oxusa da, məzun olmayıb.

Ceffri Epşteyn ali təhsili olmasa da, 1974-cü ildə Manhettendəki özəl Dalton Məktəbində fizika və riyaziyyat fənlərini tədris etməyə başlayıb.

Epşteynin bir çox şagirdi ölkənin ən varlı ailələrindən idi. Şagirdlərinə, xüsusən də orta məktəb şagirdlərinə qarşı uyğunsuz davranış iddiaları, qızlara həddindən artıq maraq göstərdiyi məclislərə qatıldığı iddiaları var idi. Lakin o, həmin dövrdə cinsi istismarda ittiham olunmamışdı. Epşteyn valideyn iclaslarından birində şagirdlərdən birinin atasına təsir göstərib və bu hadisə Epşteynin Bear Stearns şirkətinin CEO-su Alan Qrinberqə yönləndirilməsinə səbəb olub. Epşteyn 1975-76-cı tədris ilinin sonunda Daltondakı vəzifəsindən müəllimlik bacarıqlarının qiymətləndirilməsinə görə işdən çıxarıldıqdan, qısa müddət sonra Bear Stearns-də işləməyə başlayıb.

Cefri Epşteyn 1980-ci ildə Bear Stearns şirkətində işə girdikdən 1 il sonra öz şirkətini qurmaq üçün oradan ayrılıb. 1984-cü ildə isə həmin şirkətlə tərəfdaş olub. Epşteynin şəxsi maliyyəsi və biznes təcrübələri getdikcə şübhəli hala gəlirdi. Bəzi iş yoldaşları Epşteyni ultra-varlılar üçün pul qazanan "xeyriyyə ovçusu" kimi təsvir edirdilər. Epşteyn 1987-ci ildə Towers Financial Corporation-ın icraçı direktoru Stiven C. Hoffenberq ilə işləməyə başladı. O burada şirkətin ələ keçirilməsi istiqamətində uğursuz cəhdlər edib. 1988-ci ildə o, J. Epstein & Company adlı konsaltinq firmasını qurdu və təxminən 20 il ərzində onun ən böyük müştərisi milyarder pərakəndə satış maqnatı Lesli H. Veksner idi. Epşteyn Veksnerin aktivlərini idarə etməklə xeyli gəlir əldə edirdi.

Cefri Epşteyn 1990-cı illərdə vergi güzəştləri ilə tanınan ABŞ-ın Vircin adalarına bağlı Sent-Tomas adasında fəaliyyət göstərməyə başlayıb və burada Little St. James adlı adanı satın alıb. O, eyni bölgədə Great St. James adasını da əldə edib. Bundan əlavə, Epşteynin Manhettendə böyük bir malikanəsi olub, eləcə də Florida ştatının Palm Biç şəhərində, Parisdə və Nyu-Meksikoda mülklərə sahib olduğu bildirilir.

İddialara görə, Epşteynin malikanəsində gizli kameralar quraşdırılıb və varlı tərəfdaşlarının həyata keçirdiyi cinsi istismar əməlləri bu kameralar vasitəsilə qeydə alınıb. Həmçinin Vircin adalarında yaşayanlar tərəfindən “Lolita Ekspresi” adlandırılan şəxsi təyyarəsi ilə səyahət edən şəxslərin də gizli şəkildə lentə alındığı iddia edilir. Bu siyahıda ABŞ-ın sabiq prezidenti Bill Klinton, Donald Tramp, məşhur hüquqşünas və Harvard Universitetinin hüquq professoru Alan Derşovits, eləcə də yetkinlik yaşına çatmayan bir qurbanla dəfələrlə cinsi əlaqədə olmaqda ittiham edilən York hersoqu şahzadə Endryu kimi bir çox tanınmış ad yer alır.

Jeffri Epşteyn ilk dəfə 2005-ci ildə Florida ştatının Palm Biç şəhərində cinsi istismar ittihamı ilə üzləşib. Hadisə ögey qızının varlı bir şəxs tərəfindən istismar edildiyini bildirən bir qadının polisə müraciəti əsasında ortaya çıxıb. Bundan sonra FBI dərhal istintaqa qoşulub. Sonradan daha çox ittiham üzə çıxıb və ABŞ prokuroru Aleksandr Akosta (sonradan Əmək naziri olub) cinayət işi hazırlamağa başlayıb.

İddia edilən qurbanların sayı təxminən 40 nəfərə çatdıqdan sonra, 2008-ci ildə Epşteyn hökumətlə razılaşma əldə edib. Bu razılaşmaya əsasən, o, cəmi 13 ay həbs cəzası alıb və həftənin altı günü ofisində işləməsinə icazə verilib. Akosta bu razılaşmanın yumşaq olmasını onunla əsaslandırıb ki, kəşfiyyat orqanları Epşteynlə bağlı geri çəkilməyi tövsiyə ediblər və onun başqa bir federal iş üçün “əhəmiyyətli şəxs” olduğunu bildiriblər.

Epşteynə qarşı bir sıra mülki iddialar qaldırılıb və 2023-cü ildə JPMorgan Chase və Deutsche Bank AG bankları onun cinsi cinayətlər törətməsinə bilə-bilə şərait yaratmaqda ittiham olunub.

Epşteyn qalmaqalı üzə çıxdıqdan sonra, 2018-ci ildə bir jurnalist 80-dən çox qurbanın Epşteyn və ya onun tərəfdaşları tərəfindən cinsi istismara məruz qaldığını müəyyən edib. Bu ifşalar cinsi cinayət iddialarının yenidən araşdırılmasına səbəb olub.

2019-cu ildə Epşteynə qarşı ikinci cinayət işi açılıb və o, cinsi istismar şəbəkəsi yaratmaq ittihamı ilə həbs edilib. Lakin qısa müddət sonra girov qarşılığında azadlığa buraxılıb. Daha sonra Manhettendəki həbsxanaya yerləşdirildikdən sonra onun saxlanıldığı kamerada meyiti tapılıb. Epşteynin intihar etdiyi deyilsə də, hadisədən az öncə kamerasındakı məhbus çıxarılıb və yerinə başqa biri yerləşdirilməyib. Nəticədə Epşteyn üç saat ərzində nəzarətsiz qalıb, üstəlik kameranın qarşısındakı təhlükəsizlik kameralarının da işləmədiyi müəyyən olunub. Bütün bu hallar Epşteynin ölümündən əvvəl baş verən şübhəli məqamlar kimi diqqət çəkir.

Chosen
13
turkustan.az

1Sources