EN

“Qaz” aldılar, toyuq çıxdı – AQTA naşirə reaksiya verib

Naşir Şahbaz Xudoğlunun Biləsuvar–Salyan avtomobil yolunun kənarında “hinduşka” və “qaz” adı ilə quş satılması ilə bağlı paylaşımından sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məsələni araşdırıb və faktın təsdiq olunduğunu açıqlayıb. Bu barədə Xudoğlu öz sosial hesabında bildirib. 

Xudoğlu sosial şəbəkədə yazdığı paylaşımda yolüstü aldığı quşların sonradan hinduşka və qaz deyil, toyuq olduğunu müəyyən etdiyini qeyd edib. Onun sözlərinə görə, AQTA əməkdaşları hadisə yerində baxış keçirib və aldatma faktını təsdiqləyiblər.

Naşir vətəndaşları xüsusilə Biləsuvar–Salyan istiqamətində yol kənarında satılan quşlara qarşı diqqətli olmağa çağırıb. O bildirib ki, tələskənlikdən və alıcılarda “dəstək olmaq” niyyətindən istifadə edilərək istehlakçılar aldadılır və bu cür satışlar potensial qida təhlükəsizliyi riski yaradır.

Xudoğlunun sözlərinə görə, AQTA quşların qida məqsədilə istifadəsini tövsiyə etməyib. O əlavə edib ki, həmin quşlar istehlak edilməyərək zooparka verilib.

Mütəxəssislər bildirir ki, yolkənarı, nəzarətsiz satış məntəqələrində həyata keçirilən quş və ət məhsullarının satışı sanitar-gigiyenik və baytarlıq normalarına cavab vermədiyi üçün insan sağlamlığı üçün risk yarada bilər. AQTA vətəndaşlara yalnız rəsmi və nəzarət olunan satış məntəqələrindən qida məhsulları almağı tövsiyə edir.

Gülnar 

Chosen
1
1
anews.az

2Sources