EN

"Turist axınında müsbət dinamika müşahidə olunur" - EKSPERT DANIŞDI

"Ötən il 2 milyondan artıq turist ölkəmizə təşrif edib. Bu göstərici ölkənin turizm sahəsində artan marağın və həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirilə bilər".

Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib.

Kənan Hənifəyev sözlərinə belə davam edib: "Ölkəyə gələn turistlərin coğrafiyasına nəzər saldıqda müxtəlif region və ölkələrin təmsil olunduğu aydın görünür. Əsas pay qonşu ölkələrin - xüsusilə Türkiyə və Rusiyanın - payına düşür. Daha sonrakı yerlərdə isə Körfəz ölkələrindən gələn turistlər üstünlük təşkil edir.

Turist axınının mövsümi bölgüsünə baxdıqda, gəlişlərin əsasən yay aylarına təsadüf etdiyi müşahidə olunur ki, bu da statistik göstəricilərdə açıq şəkildə əksini tapır. Bununla yanaşı, qış mövsümündə də turist sayında hər il faiz nisbətində artım qeydə alınır. Son illər qış turizminin inkişafına xüsusi diqqət yetirilməsi bu artımı şərtləndirən əsas amillərdən biridir. Qış idman turizminə göstərilən dövlət dəstəyi, eləcə də müasir turizm infrastrukturlarının yaradılması bu sahənin cəlbediciliyini daha da artırır.

Bunun nəticəsi olaraq, beynəlxalq səviyyəli yarışlar, idman tədbirləri və festivallar ölkəmizin müxtəlif qış turizm komplekslərində təşkil olunur. Bu cür tədbirlər həm ölkənin turizm potensialının tanıdılmasına, həm də mövsümi turizmin şaxələndirilməsinə mühüm töhfə verir. Eyni zamanda, regionlarda iqtisadi canlanmaya və yeni iş yerlərinin yaranmasına da müsbət təsir göstərir.

2026-cı il üçün turist sayının artırılması və ötən ilin nəticələrinin daha da yaxşılaşdırılması əsas hədəf kimi müəyyən edilib. Bu məqsədlə turizm məhsullarının çeşidləndirilməsi, xidmət keyfiyyətinin yüksəldilməsi və beynəlxalq təbliğat fəaliyyətinin gücləndirilməsi istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur. Ümid edirik ki, görülən tədbirlər nəticəsində bu il 3 milyondan artıq turist ölkəmizə təşrif edəcək".

Müəllif: Günel Fərzəliyeva
Chosen
14
1
sia.az

2Sources