
Norveç vəliəhd şahzadəsi Mette-Maritin oğlu Marius Borq Höybi Osloda bir qadının mənzilində baş vermiş zorakılıq hadisəsindən sonra başlayan hüquqi proses çərçivəsində hakim qarşısına çıxır.
Oslo Rayon Məhkəməsində çərşənbə axşamı başlayan yeddi həftəlik məhkəmə prosesi son illərin ən çox səs-küy doğuran mühakimə işi kimi xarakterizə olunur. Məhkəmədən əvvəl 29 yaşlı Höybinin xəsarət yetirmə, bıçaqla hədələmə və qadağa qərarını pozma şübhəsi ilə yenidən saxlanılması və barəsində həbs qətimkan tədbirinin seçilməsi gərginliyi daha da artırıb.
Ağır ittihamlar və həbs tələbi
Marius Borq Höybi aralarında cinsi təcavüz, döymə və narkotik qaçaqmalçılığı da olmaqla, ümumilikdə 38 fərqli ittihamla üz-üzədir. İttihamnamədə huşsuz vəziyyətdə olan qadınlara qarşı cinsi təcavüzlərlə yanaşı, keçmiş partnyorlarına qarşı sistematik zorakılıq və təhdid maddələri yer alır.
Müdafiə tərəfi Höybinin cinsi istismar və ağır zorakılıq ittihamlarını rədd etdiyini, lakin bəzi kiçikmiqyaslı cinayətləri və əşyalara zərər vermə hərəkətini qəbul etdiyini bildirir. Təqsirli bilinəcəyi təqdirdə Höybinin ən azı 10 il müddətinə azadlıqdan məhrum edilə biləcəyi qeyd olunur.
Kral ailəsi üzərində Epşteyn kölgəsi
Məhkəmə prosesi davam edərkən vəliəhd şahzadə Mette-Maritə qarşı tənqidlər də kəskinləşir. Şahzadənin keçmişdə cinsi cinayətlərə görə məhkum edilmiş Ceffri Epşteyn ilə intensiv ünsiyyətdə olduğunu sübut edən yüzlərlə e-poçtun üzə çıxması ictimaiyyətdə böyük narazılığa səbəb olub.
Mette-Marit mühakimə xətası etdiyini boynuna alsa da, bəzi qurumlar şahzadə ilə olan əlaqələrini kəsməyə başlayıblar. Norveç kral ailəsi üzvlərinin məhkəmə zalında iştirak etməyəcəyi bildirilsə də, Kral V Harald və Kraliça Sonyanın Qış Olimpiya Oyunları üçün İtaliyaya gedəcək olması bu prosesdəki təcrid olunma hissini gücləndirir.
Ciddi təhlükəsizlik və yayım qadağası
İclasların keçirildiyi Oslo Rayon Məhkəməsinin ətrafında və binanın daxilində fövqəladə təhlükəsizlik tədbirləri tətbiq edilir. Məhkəmə Höybinin içəridə və ya çöldə fotoşəkilinin çəkilməsinə, həmçinin zərərçəkmiş olduğu iddia edilən dörd qadının kimliyini ifşa edəcek hər hansı bir detalın paylaşılmasına qəti qadağa qoyub.
Vəliəhd şahzadə Haakonun ögey oğlu olan, lakin rəsmi kral titulu daşımayan Höybinin çərşənbə günü ilk dəfə ifadə verəcəyi gözlənilir.