ain.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
“Mirzə Cəlil müasir Azərbaycan nəsrinin bünövrəsini qoymuş böyük yazıçı, mütəfəkkir və maarifçidir. Təəssüflə qeyd etmək lazımdır ki, onun istedadı, zəhməti və xalqa xidməti nə Birinci Respublika dönəmində, nə də sonralar layiq olduğu qiyməti aldı. Onun hekayə janrında yazdığı nəsr əsərləri, ölməz "Ölülər" dramı ədəbiyyatımızın klassik nümunələrindəndir. Həyatını riskə qoyaraq, min bir müsibətlə yaratdığı "Molla Nəsrəddin" jurnalının Azərbaycan maarifçiliyində rolu, dini xurafata və mövhumata qarşı apardığı ölüm-dirim mübarizəsi kifayət edər ki, bu dahi şəxsiyyətin adı və ziyalı vətənpərvər obrazı daim xalqımızın yaddaşında yaşasın”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Səfər Alışarlı deyib.
O, bildirib ki, əlbəttə, Bakıda Mirzə Cəlilin əzəmətli heykəli qoyulmalıdır:
“Müəyyən vəsait çatışmazlığı üzündən dövlət bunu edə bilmirsə, naxçıvanlı iş adamları bu vəsaiti öz aralarında toplayıb heykəli ərsəyə gətirə bilərlər. Bu iş təkcə vəsait deyil, həm də qeyrət tələb edən bir işdir. Fəxri xiyabanda qranitləşmiş yazıçı-şair dəbdəbəsilə müqayisədə Mirzə Cəlilin qəbrüstü abidəsi çox təvazökar görünür. Ancaq bizi qəbir dəbdəbəsindən çox xalqımıza layiq olan klassik mədəni irsə münasibət narahat etməlidir”.
Yazıçı deyib ki, Mirzə Cəlilin ədəbi, publisistik yaradıcılığında bircə dənə də olsun namussuz cümlə tapmaq mümkün deyil:
“Qranitlərin isə əksəriyyətinin altı mənəvi üfunətlə doludur. Bəlkə bu qısqanclıq Mirzə Cəlilin adını bu gün də unutdurur?! Qrafoman davamçılar Mirzə Cəlili unutdurmaq üçün onu kollaboranistlikdə, xalqa qarşı qərəzlilikdə, hətta plagiatda ittiham etməkdən çəkinmədilər. Onların hamısının birlikdə Azərbaycan ədəbiyyatına xidməti bir tək "Poçt qutusu", "Usta Zeynal", "Danabaş kəndinin əhvalatları" qədər deyil. Ancaq məqsəd Mirzə Cəlili bir ədəbi, mənəvi bayraq olaraq ləkələmək, nüfuzdan salmaqla çağdaş gündəmin konkret ünvanlı ictimai mənafelərini irəli itələmək idi. Orada ədəbiyyatdan başqa nə desən vardı”.
Vasif ƏLİHÜSEYN
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.