Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə bioloji aktiv qida məhsulları və qida əlavələri üzrə icazə, qeydiyyat və tənzimləmə mexanizmləri, həmin məhsullar üçün Azad Satış Sertifikatının verilməsi prosedurları və səlahiyyətli qurumlar barədə İsrailin təcrübəsi müzakirə olunub.
Tərəflər, həmçinin pestisid qalıqlarının tənzimlənməsi, o cümlədən aktiv maddə və formulasiya üzrə qeydiyyat prosedurları üzrə təcrübə mübadiləsi aparıblar.
Görüşdə yeni növ qida məhsullarının qiymətləndirilməsi zamanı tətbiq edilən elmi risk qiymətləndirilməsi metodologiyaları diqqət mərkəzində olub. İsrailin müvafiq qurumları tərəfindən tətbiq olunan yanaşmalar AQTA-nın mütəxəssisləri ilə paylaşılıb. Eyni zamanda qida təhlükəsizliyi sahəsində rəqəmsal nəzarət mexanizmləri, “ağıllı” yoxlama metodologiyaları, o cümlədən Düzgün İdxalçı Statusu və Onlayn Bəyanetmə Sisteminin tətbiqi üzrə İsraildə mövcud olan təcrübə ilə bağlı müqabil tərəfdən ətraflı məlumat verilib.
Görüşün yekununda bu cür görüşlərin qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.