EN

Mənəvi terror və... beynəlxalq koalisiya

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Dünya bir daha silkələndi. Qlobal terrorizmin yeni növü ilə qarşı-qarşıyayıq. Bəşəriyyət əldə etdiyi yeni elmi-texnoloji uğuru yenə də özünü məhv etmək üçün silaha çevirir. Bu dəfə söhbət insanlığın təkcə fiziki deyil, həm də mənəvi məhv olunma təhlükəsindən gedir.

Yüksək (orjinal) kontent mühəndisliyi artıq əvvəlki kimi həqiqəti axtarıb tapmaq yox, yalanı uydurub yaymaq məqsədi üzərində yenidən dizayn edilir. İnsanlar haqqında, hər şey haqqında elə yüksəkdəqiqlikli montajla elə "inandırıcı" videokontentlər hazırlanır ki, artıq yalanla həqiqəti ayıran sərhədlər də silinməkdədir. İosif Brodskinin keçən əsrin ortalarında "videotizm" adlandırdığı bu yeni axın idiotizmin, ya da "idiotizm" adlandırdığımız durumun yeni mərhələsiymiş! Buna mən ehtiyatla "ifrat vizuallaşma" da deyirəm.

Doğrudanmı, hamı hər kəs haqqında hər şeyi bilməlidir?! Yaxud hamı hər kəsin, bağışlayın,

hər yerini görməlidir? Başqasının bədən hissələrini görmək, üstəlik bunu geniş paylaşıb hər kəsə göstərmək niyə bu qədər vacib olsun?! Üstəlik o "vizual" kontent yüksək videomontaj məharətinin məhsuludursa və sonda yüksək videoşantaj cinayətində alətə çevrilirsə.

Əvvəl də dediyim kimi, insan öz həyatını asanlaşdırmaq üçün yeni bir şey icad edir. Amma dərhal da onu silaha çevirir.

Örnəyi: Otto Han, Meytner, Strassman kimi alimlər nüvənin parçalanması ilə bağlı tədqiqatlara başlayanda ağıllarına da gəlməzdi ki, "Manhattan project" layihəsinin əsasını qoyurlar.

Adlarını çəkdiyim alimlər dinc məqsədlər üçün nüvə enerjisini əldə etmək istəmişdilər. Ancaq sonradan ABŞ kəşfiyyatı bu tədqiqatların nəticələrini ələ keçirdi. Nəticədə Julius Robert Oppenheymerin rəhbərliyi ilə bir qrup alim atom bombasını hazırlamağa başladılar. "Manhattan project" bu layihənin adıdır.

Bununla nə demık istəyirəm?

Bütün elmi kəşflər, yaxud texnoloji yeniliklər həmişə dinc məqsədlər güdüb. Ancaq sonradan bu, hərbi infrastrukturun və ya kəşfiyyatın bir parçasına çevrilib. Ya da bizə elə gəlir.

Hər halda Lütfi Zadə süni intellektin əsasını qoyanda, ondan sonra Con MakKarti, eləcə də, Alan Türinq bu elmi yeniliyi inkişaf etdirəndə, bunun danılmaz üstünlükləri ilə yanaşı mümkün fəsadları haqqında da düşünmüşdülərmi?!

Belə məlum olur ki, düşünmüşdülər. Ancaq süni intellektin (“Artificial Intelligence”) kəşfi və bəşəriyyətin həyatına daxil olması qaçılmaz idi. Yaxın illərdə Aİ, ümumiyyətlə, insan həyatının bir parçasına çevriləcək. Əgər bütünlüklə həyatın özünə çevrilməyəcəksə.

Gördüyümüz nə varsa - bütün mütərəqqi icadlar, mühüm kəşflər bizdən əvvəlki nəsillərin, keçmiş insanların, hətta qədim əcdadların xəyalları olub. Çox da uzağa getmıyək, Johann Wolfgang von Goethe "Faust" da yazırdı ki, insanlar zamanla süni mütəfəkkirlər yaradacaq. Yaratdı da. Həm də "Faust"un nəşrindən cəmi 118 il sonra. Aİ - süni intellekt belə yarandı.

Beləliklə, Aİ-nin köməyi ilə (montajla, ya montajsız) ifrat vizuallaşma qlobal miqyasda siyasi şantaj istrumentinə çevrilir. Qorxulusu budur.

Dəfələrlə belə videoməhsullar yayılıb. Məlumdur, xüsusi xidmət şəbəkələri yayıb, xüsusi məqsədlərlə. Bu yayılan şantaj məqsədli görüntülərə heç vaxt baxmaq həvəsim, marağım olmayıb. Həmişə özümə sual vermişəm: başqasının şəxsi gizlinlərini izləmək mənə nə kimi yeni dəyər qata bilər?! Heç nə. Məncə, həm fərdi, həm ictimai planda bu cür görüntülərdən tavma alırıq. Terrorun görüntülərini geniş paylaşmaq, bunu ən xırdalıqlarına qədər mediada, sosial şəbəkələrdə müzakirəyə çıxarmaq - daha çox gözün görməsinə, daha çox qulağın eşitməsinə vəsilə olmaq özü də həmin terroru dolayı dəstəkləmək anlamıba gəlir. İstər fiziki, istər mənəvi terror olsun. Bir var, insanı öldürücü kimyavi maddələrlə zəhərləmək, bir də var, öldürücü sözlərlə, ifadələrlə, ibarələrlə, qurama diskreditasiya materialları ilə, xüsusi montajlanmış foto- və videomsteriallarıa zəhərləmək. Məqsəd və nəticə eynidir, sadəcə, üsullar, vasitələr fərqlənir. Bunun adı terrordur, terror! Başqa adı yoxdur.

Dövlətlərin siyasətini, millətlərin taleyini, bütövlükdə tarixin təbii axınını dəyişmək məqsədilə qurama "şəxsi məlumatlar" açıq qaynaqlara qəsdən atılır. Bu, dəhşətdir!

Zamanında dünya toplaşıb fiziki-siyasi terrora qarşı beynəlxalq koalisiya qurmuşdu. Ordular, kəşfiyyatlar, həm dövlətlərarası, həm hər ölkədə daxili təhlükəsizlik mexanizmləri işə salınmışdı. Dünya siyasi və sair hədəfli fiziki terrordan birlikdə qorunmağa çalışırdı. Hazırda isə bəşəriyyət terrorun daha bir üst səviyyəsi ilə - mənəvi terrorla üzləşib. Mənəvi terror əleyhinə də beynəlxalq koalisiya qurulacaqmı?!

Bilmirəm. Hələ ki bunun əlamətlərini görmürəm.

Bəlkə də var, mən görmürəm.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
bizimyol.info

1Sources