EN

“Baksol” yolunda faciə: “Orada iş görülməsi üçün heç bir göstəriş verilməyib”

"Baksol" yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündə təqsirli bilinən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirilən və zərərçəkən tərəfin ifadələri dinlənilib.

"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, prosesdə Azər Cümşüdov sualları cavablandırıb.

Onun sözlərinə görə, hadisə baş verən ərazidə çökmə 2025-ci il mayın 14-də baş verib:

"Çökmə olan ərazidən bir kilometr kənarda bərpa işləri görürdük. Bizə çökmənin baş verməsi barədə məlumat verildi. Buna görə də həmin əraziyə yollandıq, oranı məhəccərə aldıq, qadağan olunmuş nişanlar qoyduq. Xidməti vəzifəmiz qəza-bərpa işlərini görməkdir. Orada iş görülməsi üçün heç bir göstəriş verilməyib.

İyunun 4-nə kimi məlum hadisə baş verən yerdən bir kilometr kənarda gördüyümüz işi yekunlaşdırdıq. Sonra dedilər ki, sizin daha orada görəcək işiniz yoxdur, oradan gedin. Biz də oradan ayrıldıq. Çöküntü baş verən ərazi qaldı, orada heç bir iş görmədik. İş görmək üçün heç bir əmr də olmayıb".

Təqsirləndirilən şəxs deyib ki, hadisədən iki-üç saat sonra iş əmri açılıb və hadisə baş verən yerdə işlər görülməyə başlanıb:

"Bu işdə günahım yoxdur. Hadisənin baş verməsində obyekt sahibləri günahkardır. Əgər zərrə qədər günahım varsa, cəzamı çəkməyə hazıram".

Daha sonra zərərçəkmiş Cümşüd Cümşüdlünün anası Fəridə Abbasova ifadə verib. Onun sözlərinə görə, qaynı Vidadi Abbasov bu şəxslərin iş yoldaşı olub:

"Bu hadisədən sonra qaynının yanına gediblər, onunla görüşüblər. Bir ana kimi məni saymayıblar, dərdimə şərik olmayıblar. Onlar oğlum dəfn olunan günün səhəri qaynımın Novxanıdakı evində yeyib-içiblər. Ərim 4 il əvvəl rəhmətə gedib, qaynım bu müddətdə bir dəfə də olsun qapımı açmayıb. İndi bu hadisədən sonra gələrək bu işə qarışıb. Qaynımın oğlu məni təhqir etdi ki, niyə şikayətçi olmuşam. Şikayət etdiyim, bu hadisəni ictimailəşdirdiyim üçün mənə hədə-qorxu gəldilər.

Mən qaynımla düşmənəm. O, mənim yanımda yox, o biri tərəfin yanında olub. İntiqam adlı vəzifəli şəxs dedi ki, şikayət etsəm, yetimin birini tutaraq içəri salacaqlar".

Növbəti proses fevralın 17-də davam edəcək.


Telegram kanalımız
Chosen
23
4
yenisabah.az

9Sources