Əli Orucov: “Xüsusən Qərb Kipr türklərinin hüquqlarını görməzdən gəlir və məlum ədalətsiz qərarı da bundan irəli gəlir”
BMT Təhlükəsizlik Şurasının Kiprdə Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələrinin (UNFICYP) mandatının bir il müddətinə uzadılması ilə bağlı qətnaməsi Şimali Kipr Türk Cumhuriyyətində etirazla qarşılanıb. Məsələ ilə bağlı ŞKTC-nin Xarici işlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda, BMT sistemi ilə bağlı legitimlik müzakirələrinin artdığı bir vaxtda TŞ-nin Kipr Türk tərəfinin razılığı olmadan “qondarma Kipr Hökuməti”nin birtərəfli razılığı əsasında Sülhməramlı Qüvvələrin mandatının uzadılması Kipr Türk xalqının varlığını və iradəsini nəzərə almayan ciddi səhv adlandırılır, Kipr Türk tərəfinin razılığı ilə KKTC sərhədləri daxilində Sülhməramlı Qüvvələrin fəaliyyətləri üçün qanuni əsasın yaradılması istənilir.
“Kipr Rum tərəfini qanunsuz olaraq "dövlət" kimi qəbul edən, neytrallıq prinsipini qorumayan və Sülhməramlı Qüvvələrin mandatını genişləndirən BMT TŞ-nin digər qətnamələri kimi, bu son qətnamə də qəbuledilməzdir”- bəyanatda deyilir.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, uzun illərdir Kipr türkləri beynəlxalq müstəvidə haqsızlığa məruz qalırlar: “Uzun illər Kipr türkləri yunanların repressiyalarına, sıxışdırılmasına, öz yurdlarından deportasiya olunmasına məruz qalıblar. Bunlar baş verərkən nə BMT, nə digər beynəlxalq təşkilatlar bunu önləmək üçün real, təsirli qərarlar qəbul etmədilər. Tam əksinə, Kipr türklərinə edilən haqsızlıqlara göz yumdular. 1974-cü ildə Türkiyə adaya ordu yeridərək türklərin soyqırımının qarşısını aldı. Ancaq həmin dövrdən başlayaraq BMT türk tərəfinin pozulan hüquqlarını təmin etmək əvəzinə, yunanların xeyrinə qərarlar qəbul etdi. O cümlədən, Türkiyə adaya ordu yeritdiyi üçün bir sıra sanksiyalara məruz qaldı. 1983-cü ildə Şimali Kipr Türk Respublikası elan olundu. Ancaq bu vaxta qədər Türkiyə xaric heç bir ölkə ŞKTR-in müstəqilliyini tanımayıb. Buna da ən böyük əngəl BMT və digər beynəlxalq qurumların yaratdığı maneələrdir. Neçə illərdir adada beynəlxalq sülhməramlılar mövcuddur. Ancaq onların müddətinin uzadılmasında ŞKTR-in rəyi nəzərə alınmır. Bəhanə budur ki, ŞKTR müstəqil subyekt deyil. Bəs o zaman orada yaşayan türklərin mövqeyi? 2004-cü ildə adada yaşayan türklər BMT-nin “Annan planına” referendumda səs verdilər. Yunanlar isə bunun əleyhinə səs verdilər. Nəticədə Yunan Kipri Avropa İttifaqına üzv qəbul edildi. Bu, ŞKTR-ə edilən ən böyük siyasi haqsızlıq idi. Xüsusən Qərb Kipr türklərinin haqq və hüquqlarını görməzdən gəlir. BMT-nin məlum ədalətsiz qərarı da bundan irəli gəlir”.
Vidadi ORDAHALLI