EN

İstanbulda tarixi görüş: Gözləntilər nələrdir?

ABŞ-İran gərginliyində sürpriz gəlişmələr yaşanır.

Belə ki, tərəflər arasında danışıqlar aparılacaq. Türkiyənin səyləri nəticəsində iki ölkənin nümayəndələri masaya oturmağa razılaşıb. Görüşün 6 fevral cümə günü İstanbulda keçirilməsinə qərar verilib. Görüşdə ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçi iştirak edəcək.

Bəs görüşdən əsas gözləntilər nələrdir?

Siyasi şərhçi Ülviyyə Zülfüqar Hit.az-a açıqlamasında bildirib ki, ABŞ və İran nümayəndələrinin İstanbulda eyni masa arxasında əyləşməsi faktının özünü belə son aylarda yüksələn ritorikanın fonunda önəmli diplomatik hadisə kimi qiymətləndirmək olar:


“Bu görüş ilk növbədə, tərəflərin bir-birinə mesajı artıq yalnız bəyanatlarla deyil, birbaşa kanallarla çatdırmaq niyyətində olduqlarını göstərir. Son dövrdə hər iki ölkə qarşılıqlı ittihamlar, sanksiya təhdidləri və regionda artan hərbi-siyasi gərginlik fonunda mövqelərini sərtləşdirmişdi. Bu baxımdan, İstanbul görüşü “gərginliyin azaldılması üçün ilk texniki təmas” kimi dəyərləndirilə bilər, lakin bu, strateji “sülh olacaq” demək də deyil”.

Ekspertin sözlərinə görə, görüşün əsas məqsədi münasibətləri normallaşdırmaqdan daha çox, nəzarətdən çıxmaq təhlükəsi olan gərginliyi idarəolunan bir çərçivəyə salmaqdır:
“Xüsusilə İranın nüvə proqramı, Yaxın Şərqdə proksi qüvvələr vasitəsilə təsir imkanları və hərbi eskalasiyaya yönəlik təhdidlər Rəsmi Vaşinqtonu birbaşa danışıqlara yönəldir. Həmçinin, İran rəhbərliyi də anlayır ki, iqtisadi sanksiyaların uzunmüddətli təsiri daxili sosial-iqtisadi təzyiqi artırır və diplomatik pəncərənin açıq qalması onun da  maraqlarına uyğundur.

Bu görüşdən “gərginlik tamamilə bitəcək” kimi nəticə gözləmək real deyil. Çünki tərəflər arasında problem təkcə bir mövzu ilə məhdudlaşmır. Burada həm nüvə dosyesi, həm regional təsir savaşı, həm də qarşılıqlı etimadsızlıq onilliklərə dayanır. Əslində İstanbul görüşü tərəflərin mövqelərini yumşaltmasından daha çox, mümkün eskalasiyanın qarşısını almağa hesablanmış addımdır”.

Ülviyyə Zülfüqar hesab edir ki, böyük ehtimalla, İran tərəfi İstanbul görüşündə daha çox vaxt qazanmağa, danışıqları uzatmağa və mümkün qədər sanksiya təzyiqini yumşaltmağa çalışacaq:
“Yəni İstanbul görüşü ABŞ-İran münasibətlərində, son günlərin hadisələrində dönüş nöqtəsi deyil, “təhlükəli proseslərin idarə olunması” kimi dəyərləndirilə bilər. Bu görüşdən sonra ritorika bir qədər yumşala bilər, amma iki ölkə arasında strateji qarşıdurma qalmağa davam edəcək”.

Elmir Mustafa
 

Chosen
9
hit.az

1Sources