EN

Fransa Böyük Britaniyadan maliyyə payı tələb edir- SƏBƏB

Fransa Böyük Britaniyanın Avropa İttifaqının Ukraynaya yönəlik hərbi tədarük müqavilələrində iştirakına yalnız ciddi maliyyə öhdəlikləri qarşılığında razılaşmaq niyyətindədir. AzPost xəbər verir ki, Telegraph qəzetinin yazdığına görə, Paris Londonun bu proqramlarda iştirak üçün maksimum mümkün məbləği ödəməsində israr edir.

Məlumata əsasən, Aİ rəhbərliyi əvvəlcədən Böyük Britaniyanın Kiyevə silah tədarükü üzrə Avropa mexanizmlərinə qoşulmasına prinsipial razılıq verib. Lakin bunun əvəzində Londondan bu layihələr üçün cəlb olunan kreditlərin faiz xərclərinin bir hissəsini üzərinə götürməsi tələb olunur.

Danışıqlar məhz maliyyə məsələlərinə görə dalana dirənib. İlkin mərhələdə Britaniyadan 6,7 milyard avro məbləğində töhfə istənilib. Rəsmi London isə bu rəqəmin cəmi təxminən 1 faizi həcmində ödənişə hazır olduğunu bildirib. Bundan sonra Avropa Komissiyası tələbi yumşaldaraq məbləği 2 milyard avroya endirib.

Buna baxmayaraq, Telegraph yazır ki, məhz Fransa bu kompromis variantın qəbulunu əngəlləyib. Parisin mövqeyinə görə, Böyük Britaniyanın ödəyəcəyi vəsaitlər ilk növbədə Avropa İttifaqı daxilində hərbi-sənaye kompleksinin inkişafına yönəldilməlidir. Fransalı diplomatların fikrincə, Aİ bazarına çıxış əldə etmək istəyən London bunun əvəzində ciddi maliyyə məsuliyyəti daşımalıdır.

AzPost.az

Chosen
3
1
azpost.info

2Sources