EN

Elşad Musayev: "Ünvanlı desinlər, hansı deputat seçicilərlə maraqlanmır, habsı deputat yatır, o biri oyaqdır..."

Milli Məclisin Əmək və sosial məsələlər komitəsinin sədr müavini Elşad Musayev deputatların sayının artırılmasına ehtiyac olduğu ilə bağlı səslənən fikirlər fonunda parlament üzvlərinin tənqid edilməsinə münasibət bildirib.

 

E.Musayev Pravda.az-a açıqlamasında deyib ki, zaman-zaman mətbuatda deputatların sayının artırılması, yeni seçkilərin keçirilməsi ilə bağlı müxtəlif spekulyasiyalar gedir.

 

Deputat bildirib ki, ölkədə fundamental konstitusion islahatlara ehtiyac var:

 

"Bununla bağlı mövqeyimiz belədir ki, hakimiyyətin hər üç qolu balanslı şəkildə işləməli, parlamentin səlahiyyətləri artırılmalı, hökumətə nəzarət olmalıdır. Nəzərə alaq ki, hadisələri daha çox dəyişə biləcək mövcud hakimiyyətdir. Hakim gücün əlində səlahiyyətlər, imkanlar həddindən artıq çoxdur. İndiki halda hələlik nə parlament seçkilərinin keçiriləcəyi, nə deputatların sayının artırılması gözlənilir. Cəmiyyətin ayrı-ayrı kəsimi, həmçinin jurnalislər rahat yer tapıblar, parlamentə hücum edirlər. Parlamentə hücum etmək asandır. Milli Məclisdə çalışanların səhvi varsa, təbii ki, onlar tənqid olunmalıdırlar. Halbuki hökumətdə, icra strukturlarında işini yarıtmayan çoxlu adamlar var, amma onlara hücumlar yoxdur. Bir zamanlar sovet dövründə "JEK" müdirləri var idi, hamı öyrəşmişdi, onlara hücum edirdi. İndi də dəbə düşüb, deputatlara hücum edirlər. Deputatların tənqid olunmalarının əleyhinə deyiləm, amma bu, kampaniya halını alıb. Televiziyalarda səhərdən axşama qədər ailə institutu dağıdılır, hər cür neqativ adamlara efir vaxtı ayrılır. Belə baxanda, kütləvi sürətdə insanlar mənəvi baxımdan zəhərlənirlər. Buna diqqət yetirsək, daha yaxşı olar. Çalışmalıyıq ki, ölkənin iqtisadi inkişafını, potensialını artıraq. Bu istiqamətdə kim yaxşı işləyir, dəstək verilməlidir. Kim pis işləyirsə, onu tənqid edək. Deputatı kim tənqid edirsə, Allah xatirinə etsin. Ədalətli yanaşmaq lazımdır. Deputatların içində, təbii ki, tənqid oluna biləcək adamlar var, niyə yoxdur? Bütün sahələrdə var. Sadəcə, kampaniya şəklini alıb. Ünvanlı desinlər ki, hansı deputat seçicilərlə maraqlanmır, görüş keçirmir, hansı deputat yatır, o biri oyaqdır... Ümumi demək asandır, konkret demək lazımdır. Qanunvericilik təşəbbüsü ilə çıxış etmək üçün gərək müəyyən imkanlar olsun. Hakimiyyətdə hazırda Yeni Azərbaycan Partiyasıdır. Daha çox qanunvericilik təşəbbüsü ilə icra strukturundan sənədlərimiz gəlir. Azərbaycanda hələ fraksiyalıq yoxdur. Yaxşı olar, jurnalistlər bunu təhlil edib araşdırsınlar. Azərbaycanda bələdiyyələr, özünüidarəetmə orqanları seçildi. Bunun tərkibi necədir və necə olmalıdır, neçə faizi siyasi partiyalardan, neçə faiz hakimiyyətdən, yaxud bitərəflərdəndir? Ümümi danışmaq qoçaqlıq, qəhrəmanlıq deyil".

 

Aytəkin Qardaşova

Tarix: 3 Fevral 2026, 11:31   
Chosen
10
pravda.az

1Sources