EN

“Kişinin gücü onun puludur” - Psixoloq

“Əvvəlki cəmiyyətlərdə kişilər daha çox fiziki güclərinə görə fərqlənirdilər, indiki cəmiyyətdə isə kişinin gücü onun puludur”.

Bu sözləri psixoloq İlhamə Mustafayeva Hit.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, buna görə də əksər qadınlar pullu kişiləri seçirlər:
“Qadınların bu seçiminə təsir edən bəzi amillər də var. Məsələn, maddi vəziyyətlərinin yaxşı olmasını və lüks həyat yaşamaq istəyirlər. Həmçinin, bəzi xanımlar həyat yoldaşlarının onlara aldığı gülləri, bahalı hədiyyələri və yaşadıqları lüks həyatı sosial şəbəkələrdə paylaşmağa meyilli olurlar”.

Ekspert bildirib ki, zamanın dəyişməsi qadınların düşüncələrinə də təsir edib: 
“Təəssüf ki, müasir dövrdə əsl dəyəri olan şeylər və sevgi artıq arxa plana keçib. Artıq əksər qadınlar sevginin qarın doyurmadığı deyərək əsas özünün və uşaqlarının xərclərinin qarşılanmasını istəyirlər. Yəni maddi ehtiyaclarının qarşılanmasını və bahalı həyat yaşamaq istəkləri olur. Ətrafımızdakı bir çox qadın fədakar həyat yoldaşı olmağa müsbət yanaşmır. Bu şəkildə yaşamaqdansa, çox xərc tələb edən bir həyatı seçirlər. Lakin bu hər zaman uğurlu seçim olmur. Çünki bir nöqtədən sonra sevginin olmadığı yerdə maddiyyatın da əhəmiyyəti qalmır”.

Psixoloq hesab edir ki, bəzi xanımlar əziyyət çəkmədən, hər şeyi hazır əldə etmək istəyirlər:
“Mənəviyyatca aşağı olmaq da maddi hərislik yaradır. Belə ki, daxili mənəvi keyfiyyətləri aşağı olan qadınlar öz boşluqlarını pul və bahalı əşyalar ilə kompensasiya etməyə çalışırlar. Onlar, pulla bütün problemləri həll edəcəklərini və daha özgüvənli olacaqlarını düşünürlər. Bəzi qadınlar da estetik əməliyyatlar və bədən şəkilləndirmə ilə istədiyi kimi görünmək istəyir. Bu xərcləri qarşılaya bilmək üçün də pullu kişi axtarırlar. Bir növ digər qadınlardan seçilməyə çalışırlar”.

Mütəxəssis sözlərini belə tamamlayıb:
“Bəzi xanımlar hesab edirlər ki, varlı bəylə evlənmək onların sosial statusu üçün də əhəmiyyətlidir. Bir zəngə bütün məsələlərin həll edə, istədiyini sifariş verə və daha hörmətli ola biləcəklərini fikirləşirlər. Bahalı geyimləri və son model avtomobillərlə də özgüvənlərini artırmış olacaqlarına inanırlar”.

Pərviz


 

Chosen
4
hit.az

1Sources