EN

Deputatlar donorluğa necə yanaşır? - SORĞU

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən tədbirdə bildirib ki, bölgədə və Azərbaycanda ilk dəfə uğurla həyata keçirilən ürək transplantasiyası əməliyyatından sonra ölkədə donor olmaq istəyənlərin sayı artıb.

Deputat qeyd edib ki, parlament nümayəndələri arasında da donor olmaq istəyənlər var.

"Yeni Sabah" mövzu ilə bağlı bir neçə parlament nümayəndəsi ilə danışıb, onların bu məsələdə yanaşmasını öyrənib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin üzvü Aydın Mirzəzadə donor olmaqla bağlı təşəbbüsü müsbət qarşıladığını vurğulayıb:

"Donorluqla bağlı sənəd təklif olunarsa, məmuniyyətlə imzalayaram. Bir insanın orqanlarının ölümündən sonra başqa bədəndə yaşamasının nəyi pisdir ki?"

Parlament üzvü Aydın Hüseynov isə qeyd edib ki, özü donor olmağa tam hazırdır:

"Təşəbbüsü təqdirəlayiq hesab edirəm. Özüm də məmuniyyətlə donor olaram".

Deputat Fariz İsmayılzadə donor olmaqla bağlı planının olmadığını deyib:

"Ümumi yanaşsaq, cəmiyyətdə orqan donorluğuna ehtiyac var. Orqan transplantasiyasına ehtiyac olan pasiyentlərin də sayı kifayət qədərdir. Hesab edirəm ki, donor olmaqla bağlı yanaşma hər bir vətəndaşın şəxsi seçimidir. Özümün isə hazırda belə bir planım yoxdur".

Deputat Elşad Musayev bu məsələdə hər kəsin yanaşmasının subeyktiv olduğunu bildirib:

"Donor olmaq planım yoxdur. Əlbəttə, kim donor olmaq istəyirsə, buna müsbət baxıram. Hər kəsin şəxsi yanaşmasıdır".

Elçin Mirzəbəyli donor olmaqla bağlı konkret qərarının olmadığını söyləyib:

“Bu mövzuda hər hansı bir qərarım yoxdur. Amma düşünürəm ki, bu çox gərəkli addımdır. Ola bilsin ki, yaxın gələcəkdə donorluq barədə düşünüm”.

Parlament üzvü Elman Məmmədov da sözügedən məsələdə digər həmkarları ilə eyni fikirdədir:

“Donorluqla bağlı məsələni Milli Məclisdə bir neçə dəfə mərhum həmkarımız Qənirə Paşayeva qaldırmışdı. Mənə elə gəlir ki, bu mövzu getdikcə inkişaf edir. Adətən, daxili orqanların donorluq məsələsində gənc və sağlam insanların orqanlarından istifadə edirlər. Səmimi desəm, bu barədə heç vaxt düşünməmişəm və planımda yoxdur”.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
56
yenisabah.az

1Sources