EN

Cəlilabadda 80 hektarlıq torpaq qalmaqalı: Əkinə imkan verilmir

CƏLİLABAD, 3 fevral. TELEQRAF

Cəlilabad rayonunun sakinləri Ataşov Vəli Əli oğlu və Hüseynov Vüqar Savad oğlu Uzuntəpə bələdiyyəsindən uzunmüddətli icarəyə götürdükləri 80 hektarlıq torpaq sahəsində əkin apara bilmədiklərini bildirirlər.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, icarədarların sözlərinə görə, torpaq sahəsinə dair bütün müvafiq rəsmi sənədlər mövcuddur, icarə haqları tam şəkildə ödənilib.

İddialara əsasən, sahədə əkin işlərinə başlanılan zaman bir qrup şəxs müntəzəm olaraq süni maneələr yaradaraq işlərin aparılmasına əngəl törədir. Şumlama aparılarkən həmin şəxslər traktorun qarşısına çıxaraq əkin prosesinin qarşısını alırlar.

İcarədarların sözlərinə görə, maneə törədən şəxslər Uzuntəpə bələdiyyəsi ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsini tələb edir və torpaq sahəsində özlərinin əkin aparmasına nail olmağa çalışırlar.

Nəticədə hazırda sözügedən ərazi istifadəsiz qalıb.

Məsələ ilə bağlı Ataşov Vəli Əli oğlu və Hüseynov Vüqar Savad oğlu Cəlilabad Rayon Polis Şöbəsinə, eləcə də digər aidiyyəti dövlət qurumlarına rəsmi müraciət etdiklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Chosen
8
teleqraf.com

1Sources