EN

Ukraynanın enerji infrastrukturuna görünməmiş zərbə! Moskva enerji atəşkəsinə son qoydu...

Rusiyanın Silahlı Qüvvələri enerji atəşkəsinin bitməsindən bir gün sonra Ukraynanın enerji infrastrukturuna ilin əvvəlindən bəri ən kütləvi zərbəni endirib.

Sitat.info xəbər verir ki, Rusiya mənbələrinin yaydığı məlumata görə, hücumlar ölkənin bir çox regionunu əhatə edib və hava həyəcanı Ukraynanın böyük hissəsində elan olunub.

Bildirilir ki, hücumda 100-dən çox “Geran” tipli pilotsuz uçuş aparatı, eləcə də 30-dan artıq ballistik və qanadlı raketdən istifadə olunub. İstifadə edilən silahlar sırasında “Zirkon”, “İsgəndər-M”, “Kinjal”, X-22 raketləri və “Tornado-S” yaylım atəşli reaktiv sistemləri yer alıb. Bu miqyasda hücumun müharibə dövründə rekord olduğu iddia olunur. Eyni zamanda, Tu-95MS strateji bombardmançıları və MiQ-31K qırıcılarının havaya qalxdığı qeyd edilir.

Məlumatlara əsasən, zərbələr Xarkovdakı TEC-6-ya, Dnepropetrovsk şəhərində yerləşən Pridneprovsk İES-ə, Kiyev vilayətindəki Tripol İES-ə, Makarov qəsəbəsində yerləşən 750 kV-luq “Kiyevskaya” yarımstansiyasına, Kiyevdəki Darnitsa TEC-ə, eləcə də Xarkovda 440 kV və Odessada 330 kV-luq yarımstansiyalara endirilib.

Hücumlar nəticəsində Çuquyev şəhəri, Xarkovun bir hissəsi və Sumı vilayətinin bəzi əraziləri işıqsız qalıb. Rəsmi qurumların açıqlamasına görə, havanın temperaturunun −21 dərəcəyə düşməsi səbəbindən Xarkov şəhər rəhbərliyi istilik şəbəkələrində suyun donmasının qarşısını almaq üçün 820 yaşayış binasında borulardakı suyun boşaldılması barədə qərar qəbul edib.

Qeyd edək ki, məlumatlar hələlik müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib, Ukrayna tərəfi isə hadisə ilə bağlı əlavə açıqlama verməyib.

Aytac,

Sitat.info

 

Chosen
11
1
sitat.info

2Sources