Britaniyalı mütəxəssislər tərəfindən hazırlanan Top10VPN araşdırmasına görə, keçən il internetə çıxış məhdudiyyətləri Rusiya iqtisadiyyatına 1 trilyon rubldan çox ziyan vurub. Bu məbləğ təxminən 13,2 milyard dollara bərabərdir. Təhlil internet kəsintiləri səbəbindən iqtisadi itkilərə görə Rusiyanı birinci, Venesuela və Myanma isə müvafiq olaraq ikinci və üçüncü yeri tutub. Bu iki ölkədəki ümumi itkilər təxminən 2 milyard dollar təşkil edib.
Hafta.az yazır ki, "Vedomosti"nin məlumatına görə, hökumətlər tərəfindən tətbiq edilən internet məhdudiyyətləri biznes dünyasında istehsal, ticarət və xidmət proseslərinə mənfi təsir göstərir.
Top10VPN məlumatları göstərir ki, 2025-ci il ərzində dünyanın 28 ölkəsində ümumilikdə 212 genişmiqyaslı internet kəsintiləri baş verib. Bu rəqəm indiyə qədər qeydə alınan ən yüksək səviyyə hesab olunur. Bununla belə, Rusiyada bu hesablamalara ehtiyatla yanaşan fikirlər də var.
Rəqəmsal İqtisadiyyatın İnkişafı Fondunun Şurasının sədri German Klimenko bu rəqəmlərin spekulyativ olduğunu iddia edir. Klimenko iqtisadiyyatda "internet dəqiqəsi" kimi ölçülə bilən bir anlayışın olmadığını və real zərərin yalnız nəqliyyat, istehsal və ya elektrik enerjisi istehlakı kimi konkret göstəricilər vasitəsilə müəyyən edilə biləcəyini qeyd edir. Klimenkonun sözlərinə görə, internet kəsintiləri müvəqqəti fasilələrə səbəb olsa da, gecikmiş əməliyyatlar sonradan kompensasiya olunur və bu, makroiqtisadi göstəricilərdə xalis azalma kimi əks olunmur.
Top10VPN hesabatında isə internetə çıxışın müasir iqtisadiyyatlar üçün vacib infrastruktur elementi olduğu vurğulanır, bu cür məhdudiyyətlərin artım və investisiya mühitinə uzunmüddətli mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edilir.