EN

Bərpaolunan abidələr, yaşayan tarix

Tarix bəzən

daşlarda danışır, bəzən də unudulmuş, gözdən, könüldən uzaq bir binanın uçulub

dağılmaqda olan divarlarının səssizliyində gizlənir. Min illərin yaddaşını

oxumaq, zamanın yaralarını anlamaq və onları gələcəyə daşımaq isə tarixi bir zərurətdir.  Nə yaxşı ki, bu missiyanı öz ömrünün mənasına

çevirən, memar-bərpaçılar var ki, onlar, sadəcə, abidələri bərpa etmirlər -

keçmişlə gələcək arasında körpü qururlar. Bu yazımızda ömrünü tarixi abidələrin

bərpasına həsr edən, daşın yaddaşına toxunan, zamanın izlərini qoruyaraq onları

gələcək nəsillərə əmanət edən bir gənc xanımın peşəkar və mənalı ömür yolundan

bəhs edəcəyik.

Günel Ənvər

qızı Qafarova taleyi ilə peşəsini, yaddaşı ilə məsuliyyətini birləşdirən gənc

memar-bərpaçılardandır. Atası hərbi qulluqçu olan Günel 1990-cı ildə Almaniya

Federativ Respublikasının Noyştreviç şəhərində anadan olsa da, onun mənəvi

kökü, dünyagörüşü və peşə yolu Azərbaycanla, bu torpağın tarixi və ağrıları ilə

sıx bağlıdır. Orta təhsilini Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən

E.Həsənov adına 139 saylı məktəbdə alan Günel Qafarovanın memar olmaq arzusu

onu 2007-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə aparır.

Bakalavr və

magistr təhsilini uğurla başa vuran gənc memar elmi axtarışlarını da bərpa sahəsinə

yönəldir. 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət

İnstitutunda "Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və

rekonstruksiyası" ixtisası üzrə fəlsəfə doktoru hazırlığına qəbul olunması

Günelin peşəyə təsadüfi deyil, düşünülmüş və məqsədli yanaşmasının göstəricisidir.

Günel

Qafarovanın bərpa sahəsinə bağlılığı təkcə peşə marağından qaynaqlanmır. Bu

yolun başlanğıcında ailə yaddaşı, Vətən ağrısı və Qarabağ həsrəti dayanır.

Günelin  atası hərbçi olub. Almaniyada

xidmət etdiyi dövrdə belə Vətənlə yaşayan, torpaqlarımıza qarşı erməni təcavüzü

başlayanda Azərbaycana dönərək Birinci Qarabağ müharibəsində iştirak edən

döyüşçülərdəndir. Atasının Qarabağın tarixi abidələri, erməni vandalizminin

milli-mədəni irsimizə vurduğu yaralar haqqında etdiyi  söhbətlər gənc memarın yaddaşında silinməz

izlər buraxıb. "Atamın ən böyük arzusu Qarabağın azadlığını görmək idi. Təəssüf

ki, o, bu günü görmədi", - Günel xanım deyir.

Atanın  arzusu qızının peşə yolunda bir amala

çevrilir. 2012-ci ildən etibarən bərpaçı-memar kimi fəaliyyət göstərən Günel

Qafarova bu sahədə ardıcıl və məhsuldar işləri ilə fərqlənir. Gənc memarın adı

bu gün Azərbaycanın müxtəlif bölgələrində yerləşən onlarca tarixi abidənin bərpası

ilə birgə çəkilir. XII əsrə aid Qazaxdakı Sınıq körpüdən tutmuş, Şuşanın məscid

və bulaqlarınadək, Ağdamın viran qoyulmuş ibadət məkanlarından Naxçıvanın möhtəşəm

türbələrinə qədər uzanan bu siyahı təkcə layihələrin deyil, milli yaddaşın xəritəsidir.

Günel

Qafarova, eyni zamanda yeni memarlıq layihələrində də fəal iştirak edir, tarix

ilə müasirliyi uzlaşdırmağı bacaran mütəxəssis kimi tanınır. Onun

elmi-publisistik fəaliyyəti də diqqətəlayiqdir.

10 elmi məqalənin

müəllifi olan gənc memarın bakalavr diplom işi kitab kimi çap olunub, magistr

işi isə Sankt-Peterburqda keçirilən beynəlxalq müsabiqədə yüksək mükafata layiq

görülüb.

Azad

Qarabağa ilk səfəri isə onun üçün dərin mənəvi yaşantı olduğunu, Şuşanı gəzərkən

hiss etdiyi qürur və kövrəkliyin bu torpaqlara atasının ruhu ilə birlikdə

qayıtmaq hissinin təzahürü olduğunu düşünür. "Mənə elə gəlirdi ki, atamın

ruhu başımın üstündə mənimlə birlikdə azad olunmuş torpaqlarımızda gəzirdi",

- deyir Günel Qafarova.

Gənc memar

gördüyü işləri yalnız bir peşə fəaliyyəti deyil, tarixi və mənəvi borc kimi dəyərləndirir.

Onun üçün abidə, sadəcə, daş və divar deyil. Abidə xalqın tarixi kimliyini

sübut edən pasport, min illərin yaddaşını daşıyan canlı varlıqdır. Bu baxış onu

memarlığa fərqli məsuliyyətlə yanaşmağa vadar edir. Günel Qafarova deyir ki,

memar öz işinə sevgi ilə yanaşmalıdır.

Tarixi

qorumaq yalnız daşları bərpa etmək deyil, millətin yaddaşını unutdurmamaqdır.

Günel Qafarova dağıdılmış abidələrə təkcə memar gözü ilə deyil, Vətəninə borclu

bir övladın məsuliyyəti ilə yanaşır. Hər bərpaolunan divarda keçmişin nəfəsi, hər

dirçəldilən abidədə gələcək nəsillərə ünvanlanan səssiz bir çağırışı var. Bu

yol çətin, məsuliyyətli və səbir tələb edən yoldur. Amma bu yolun davamçıları

olduğu müddətdə tarix susmayacaq, daşların yaddaşı itməyəcək. Gənc memar-bərpaçı

Günel Qafarova məhz bu yaddaşı qoruyan, keçmişi gələcəyə daşıyan nadir peşə

sahiblərindəndir.

 

Elşən

QƏNİYEV,

"Azərbaycan"

1Sources