EN

Kosmetoloji prosedurlarda qəbzsiz ödənişlər... Pasiyent hüquqlarını necə müdafiə edə bilər?

Kosmetoloji prosedurları icra edən bir sıra mərkəzlərdə post-terminalların olmaması səbəbindən ödənişlər ya nağd şəkildə, ya da kartdan karta köçürmə yolu ilə həyata keçirilir. Prosedurlar gözlənilən effekti vermədikdə isə pasiyent ödənişi sübut edəcək qəbzə malik olmadığı üçün hüququnu müdafiə edə bilmir.

 

Hüquqşünas Aysel Süleymanova Pravda.az-a açıqlamasında deyib ki, klinikalarda kosmetoloji prosedurlar aparılırsa və ya hansısa əməliyyatlar icra edilirsə, pasiyentlər mütləq qəbz tələb etməlidirlər: “Çünki ödənişi birbaşa həkimin özünə deyil, klinika, kosmetoloji salona, mərkəzə ödəyirlər. Qəbz verilmirsə, kartdan karta ödəniş təklif edilirsə, pasiyent qəbz tələb etməlidir. Tələb olunduğu halda verilmirsə, bu zaman həmin klinikanın vergi məsuliyyəti yaranır. Məsələn, əməliyyat və ya kosmetoloji prosedur keçirilir, ancaq nəticə pasiyenti qane etmir, vəd verilən son olmur. Bu zaman vətəndaş prosedurla bağlı kartdan karta olan çıxarışı göstərən sənədi, sosial şəbəkələr üzərindən aparılan yazışmaları və şahid qismində müəyyən şəxsləri təqdim etməklə prokurorluğa və məhkəməyə müraciət edə bilər. Həm də qəbzin verilməməsi barədə klinikanı, proseduru icra edən həkimi şikayət edə bilərlər”.

 

A.Süleymanova bildirib ki, həmin proseduru icra edən həkimin lisenziyasının olub-olmadığına diqqət etmək lazımdır: “Lisenziya olmadığı təqdirdə isə Səhiyyə Nazirliyinə də şikayət edilə bilər. Qəbz olmadığı təqdirdə ödəniş nağd formada olarsa, bunu sübut edən hansısa yazışma, səs yazısı sübut kimi əldə olmalıdır. Bu zaman şikayət etmək hüququ yaranır. Ekspertizadan keçərək həkimin də proseduru doğru icra etmədiyi sübuta yetirilərsə, məhkəmə vasitəsilə təzminat, həmçinin ödədikləri pulu belə geri ala bilərlər”.

 

Şəhanə Quliyeva

Tarix: 3 Fevral 2026, 08:39   
Chosen
9
pravda.az

1Sources