EN

Avstraliyada uşaqlar üçün xərçəngə qarşı vaksin sınaqdan keçiriləcək

Dünyada ilk dəfə terapiyaya davamlı beyin şişləri olan uşaqlar üçün fərdiləşdirilmiş vaksinlər klinik sınaqlara daxil edilir...

Avstraliyada terapiyaya davamlı beyin şişlərindən əziyyət çəkən uşaqların müalicəsi üçün hazırlanmış fərdiləşdirilmiş vaksinlərin dünyada ilk klinik sınaqlarına start veriləcək.

Poliqon xəbər verir ki, bu barədə vaksinin hazırlandığı Kvinslend Ştat Universiteti (UQ) məlumat yayıb. PaedNEO-VAX adlanan preparat uşaqlarda ağır və müalicəyə tabe olmayan beyin xərçəngi formalarına qarşı yeni yanaşma kimi təqdim olunur.

Məlumata görə, klinik sınaqlar dörd il davam edəcək və ölkə üzrə səkkiz uşaq xəstəxanasında aparılacaq. Tədqiqatda beyin xərçəngi diaqnozu qoyulmuş, gözlənilən ömür müddəti iki ildən artıq olmayan 70 uşaq xəstənin iştirakı nəzərdə tutulur. Hər bir vaksin uşağın şişinin genetik profili əsasında fərdi qaydada hazırlanacaq.

Tədqiqatda iştirak edən professor Cordan Hansford bildirib ki, bu, beyin xərçənginin xüsusilə mürəkkəb formalarının müalicəsində yeni və fərdiləşdirilmiş yanaşmadır. Onun sözlərinə görə, sınaqların birinci mərhələsində preparatın təhlükəsiz və effektiv dozası müəyyən ediləcək, ikinci mərhələdə isə terapiyanın xəstəliyin gedişini nə dərəcədə ləngitdiyi, sağ qalma müddətini artırıb-artırmadığı və xəstələrin, eləcə də onların ailələrinin həyat keyfiyyətinə təsiri qiymətləndiriləcək.

Vaksinin yaradılması texnologiyası mRNT platformasına əsaslanır. Hər bir uşaq üçün şişin unikal genetik markerləri müəyyən edildikdən sonra fərdi hədəflər seçilir və uyğun preparat hazırlanır. Tədqiqatın elmi rəhbəri professor Brendon Ueynrayt izah edib ki, bu üsul xərçəng hüceyrələrinə yüksək dəqiqliklə təsir göstərməyə, eyni zamanda sağlam toxumalara minimal zərər vurmağa imkan verir. Alimlər ümid edirlər ki, bu yanaşma gələcəkdə uşaq onkologiyasında inqilabi dəyişikliklərə yol aça bilər.

Poliqon.info

Chosen
17
poliqon.info

1Sources